Xəbər lenti

Almaniya Rusiyaya hücum edəcək? (ŞƏRH)
Dünya08:01 04.03.2024

Almaniya Rusiyaya hücum edəcək? (ŞƏRH)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Almaniya təkbaşına Rusiya ilə müharibəyə getməyəcək, amma kollektiv Avropa barədə bunu söyləmək çətindir".
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert İbrahim Rüstəmli Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyevin Almaniyanın Moskvaya qarşı müharibəyə hazırlaşdığı barədə bəyanatını şərh edərkən deyib.
"Tarixən Almaniya ilə Rusiya arasında ciddi problemlər yaşanıb. Əslində Rusiya və Almaniyanın  siyasi müstəvidəki mövqeləri qeyri-müəyyən olması ilə seçilir. Belə götürdükdə, Almaniya da bir sıra Qərb dövlətləri kimi Rusiyaya qarşı hərbi kampaniyanın içindədir. Yəni formal olaraq Almaniya Rusiyaya qarşı döyüşən ölkələr sırasındadır. Lakin Berlinin Rusiyaya qarşı müharibəyə hazırlaşdığını demək absurd görünür. Fərdi şəkildə Almaniyanın buna gedəcəyini real hesab etmirəm. Avropanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığını desək, bu bir qədər daha ağlabatan olar. Avropa öz hərbi gücünü artırmaqla Rusiyanın növbəti mərhələdə gözlənilə biləcək hücumunun qarşısını almağa çalışır. Əks təqdirdə, Kreml dayanmayacaq. Rusiya dövlətinin xarakterində başqa ölkələrə qarşı qərəzli münasibət həmişə olub", deyə İbrahim Rüstəmli bildirib.
Həmsöhbətimiz deyir ki, Rusiyanın Ukraynada qələbəsi birbaşa Avropanın da məğlubiyyəti demək olardı:
"Ona görə də Qərbdən yeni çağırışlar var. Son illərə qədər Avropa öz hərbi potensialına ciddi fikir verməyib. İndi isə tələb və öhdəliklər dəyişib. Ona görə də Avropa, o cümlədən Almaniya öz hərbi potensialını artırmalıdır. Əks təqdirdə, Ukraynadan sonra Rusiya Avropanı da, xüsusən də onun şərq hissəsini təhdid edəcək".
Qeyd edək ki, Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedyev "Telegram” kanalına açıqlamasında Almaniyanın Rusiyaya qarşı müharibəyə hazırlaşdığını bildirib:
"Bundesver zabitləri arasındakı söhbət Almaniyanın Rusiya ilə müharibəyə hazırlaşdığını göstərir. Bundesver zabitlərinin söhbətini raket və tank oyunları kimi təqdim etmək cəhdləri pis niyyətli yalandır. Almaniya Rusiya ilə müharibəyə hazırlaşır”. 
Rüfət Sultan