Xəbər lenti

Almaniyada hava limanı işçilərinin irimiqyaslı tətili başladı: 1100 reys ləğv edilir
Dünya09:52 01.02.2024

Almaniyada hava limanı işçilərinin irimiqyaslı tətili başladı: 1100 reys ləğv edilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyada 1 fevral cümə axşamı günü ən azı 1100 reys ləğv ediləcək və bu, təxminən 200 min sərnişinə təsir edəcək. Buna səbəb "Ver.di” həmkarlar ittifaqının təşkilatçılığı ilə hava limanlarının təhlükəsizliyini təmin edən işçilərin bir günlük xəbərdarlıq tətilidir.
Qaynarinfo xəbər verir ki, bu barədə DW Almaniya hava limanları assosiasiyasına istinadən məlumat yayıb. 
Tətil çərşənbə günü axşam Almaniyanın qərbindəki Köln/Bonn hava limanında sərnişin nəzarəti əməkdaşlarının gecə növbəsinə gəlməməsi ilə başlayıb. 
"Ver.di” həmkarlar ittifaqının sözçüsü Ozai Tarim "tətil üçün uğurlu başlanğıc olduğunu" söyləyib və əlavə edib ki, gəlişlər və gedişlər də daxil olmaqla uçuşların 80%-dən çoxunun ləğv ediləcəyini gözləyir.
Tətil ölkənin 11 hava limanında - Frankfurt-Mayn, Hamburq, Berlin, Düsseldorf, Köln, Ştutqart, Bremen, Hannover, Leypsiq, Drezden və Erfurtda keçiriləcək. Tətil Münhen və Nürnberq hava limanlarına təsir etməyib, belə ki, onların təhlükəsizlik işçiləri dövlət sektorunun işçiləri sayılır və müxtəlif əmək müqavilələrinə malikdirlər. Lakin yuxarıda qeyd olunan şəhərlərdə bütün reyslər ləğv ediləcək.
Eyni zamanda Düsseldorf hava limanı uçuşların yalnız üçdə birini ləğv edib.
Tətilçilər əmək haqqının artırılmasını və iş vaxtından artıq işə görə əlavə ödəniş tələb edirlər.
Tətildə sərnişinlərə, baqajlara və personala nəzarət edən 25 min hava limanı işçisi iştirak edir. "Ver.di” həmkarlar ittifaqı BDLS Hava təhlükəsizliyi və mühafizə təşkilatlarının federal birliyi ilə münaqişədədir. Həmkarlar ittifaqı tətil edənlərə saatda 2,80 avro əmək haqqının və rəsmi mükafatların, əlavə iş, gecə, həftə sonları və bayram günləri üçün əlavə ödənişlərin artırılmasını istəyir. Bundan əvvəl həmkarlar ittifaqı işəgötürənlərin təklifini "tamamilə qəbuledilməz” adlandırıb. BDLS-ə görə, həmkarlar ittifaqının tələblərinin yerinə yetirilməsi təkcə bu il müəssisə xərclərinin ümumilikdə 250 milyon avro artmasına səbəb olacaq. 
İşəgötürənlərlə "Ver.di” arasında danışıqlar fevralın 6-da davam edəcək.
Xatırladaq ki, ötən həftə Almaniyada maşinistlərin çoxgünlük tətili keçirilib.
Nizami Bağırov