Xəbər lenti

Almaniyadan Aİ-yə büdcə təhdidi:
Dünya 17:05 19.06.2026

Almaniyadan Aİ-yə büdcə təhdidi: "Rədd edə bilərik"

Almaniya kansleri Fridrix Merz Avropa İttifaqının növbəti dövr büdcə layihəsinin həddindən artıq yüksək olduğunu bildirərək, təklifin yenidən nəzərdən keçirilməsini tələb edib.

Qaynarinfo xəbər verir ki, Brüsseldə keçirilən Aİ liderlər sammitində iştirak edən Merz jurnalistlərə açıqlamasında 2028–2034-cü illəri əhatə edəcək maliyyə çərçivəsi layihəsinin Almaniya və digər bəzi üzv ölkələr tərəfindən rədd edilə biləcəyini deyib.

Merz mövcud təklifi tənqid edərək bildirib: "Mövcud təklif rəqəmlər baxımından çox yüksəkdir. Masaya yeni bir təklif qoyulmalı və daha sonra gəlir-xərc strukturu müzakirə edilməlidir. Rəqəmlər azaldılmalıdır".

O, bu mövqenin təkcə Almaniyaya aid olmadığını, digər bəzi üzv ölkələrlə də eyni yanaşmanın paylaşdığını vurğulayıb. Kansler qeyd edib ki, qərarlar yekdilliklə qəbul olunmalıdır.

Merz həmçinin Avropa İttifaqının yeni borc artımına getməməsi lazım olduğunu bildirib və büdcə danışıqlarında bu mövqeyi müdafiə edəcəyini deyib. O, 2026-cı ilin ikinci yarısına qədər razılaşma əldə olunmasının vacibliyini də vurğulayıb.

Aİ-nin 27 üzv ölkəsinin liderlərinin iştirak etdiyi zirvənin əsas mövzusu 2028–2034-cü illəri əhatə edən yeni Çoxillik Maliyyə Çərçivəsidir. Avropa Komissiyası bu dövr üçün büdcənin təxminən 2 trilyon avroya qədər artırılmasını və daha çevik istifadəsini təklif edir.

Layihə xüsusilə büdcəyə daha çox vəsait ayıran ölkələr tərəfindən yüksək qiymətləndirilmir. Yeni təklif qəbul edilərsə, Almaniya kimi net töhfə verən ölkələrin Aİ büdcəsinə daha böyük maliyyə vəsaiti ödəməsi tələb olunacaq.

Müzakirələrin çətin keçəcəyi və 2026-cı ilin sonuna qədər siyasi razılaşmanın əldə edilməli olduğu bildirilir. Yeni büdcə yalnız Aİ Parlamentinin təsdiqi və üzv ölkələrin yekdil qərarı ilə qüvvəyə minə bilər.

Aydın
--> -->