Tarix boyu beynəlmiləl şəhər kimi tanınan Bakı müxətlif zamanlarda dünyaya nüfuzlu siyasəçilər, istedadlı aktyorlar və təcrübəli idmançılar bəxş edib. Harri Kasparov da Bakının dünyaya bəxş etdyi belə məşhur yetirmələrdən biridir. Şahmatı möhtəşəm oynamaqla yanaşı, iti zehnə, dərin analitik biliyə və emisonal temperamentə malik Kasparov həm də qadın düşkünü kimi tanınıb.
Modern.az saytı bu yazıda məşhur şahmatçının şəxsi həyatına – yaşadığı eşq macəralarına nəzər salıb.
Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda mühəndis ailəsində anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.
Harrinin 7 yaşı olanda atası Kim Vaynşteyn xərçəng xəstəlyindən vəfat edib. Harrini anası Klara Kasparova böyüdüb. 1975-ci ildə SSRİ-də gizli antisemitizmin (yəhudilərə qarşı düşmənçilik) mövcud olması səbəbindən Klara Kasparova yaşına görə həddən artıq zəka nümayiş etdirən oğlu Harrinin umidverici şahmat karyerasını əngəlləməmək üçün aşkar yəhudi soyadı olan Vaynşteyni özünün qızlıq soyadı Kasparovla əvəzləyir. Harri Kasparov uşaq yaşlarında şahmata böyük maraq göstərir və müasir dillə desək, əsl vunderkind kimi yetişir. Onun fenomenal şahmat istedadı Bakı Pioner Sarayındakı şahmat dərnəyində özünü biruzə verir.
Bunun nəticəsi idi ki, Harri 15 yaşında SSRİ-nin ən gənc idman ustası və şahmat çempionatının ən gənc iştirakçısı olur. 18 yaşında isə SSRİ çempionu adını qazanır və ittifaq tarixində bu adı alan ən gənc şahmatçıya çevrilir.
1980-ci il Harri Kasparov üçün “qızıl il” kimi yadda qalıb. Belə ki, 17 yaşlı şahmatçı SSRİ yığmasının heyətində Avropa çempionu, Dortmundda 20 yaşa qədər gənclər arasında keçirilən Dünya Çempionatında qızıl medal qazanır və yenə SSRİ yığmasının heyətində Ümumdünya Olimpiadasının qalibi olur. Bakılı şahmatçının son zəfəri isə idmandankənar xarakter daşıyır – o orta məktəbi qızıl medalla bitirir.