Xəbər lenti

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər
Dünya 20:36 21.07.2026

And dağlarının altında nəhəng qızıl yatağı tapıldı - Fəlakətə səbəb ola bilər

Argentina ilə Çili sərhədində yerləşən And dağlarının altında geoloqlar mis, qızıl və gümüşlə zəngin, dünyanın ən iri yataqlarından biri hesab edilən yeni faydalı qazıntı sahəsi aşkar ediblər. Lakin ekoloqlar xəbərdarlıq edirlər ki, yatağın sənaye miqyasında işlənməsi ətraf mühitə ciddi zərər vura bilər.

Qaynarinfo xəbər verir ki, "Popular Mechanics”in məlumatına görə, "Filo del Sol” yatağı üzrə mineral ehtiyatların yeni qiymətləndirilməsi burada əvvəlki hesablamalarla müqayisədə təxminən beş dəfə çox metal ehtiyatının ola biləcəyini göstərib.

Qiymətləndirmə 400-dən çox əlavə kəşfiyyat qazmasının nəticələrinə əsaslanır. Araşdırma yatağın daha dərin laylarında mis ehtiyatlarının əvvəlki proqnozlardan xeyli çox olduğunu üzə çıxarıb.

"Lundin Mining” şirkətinin hesablamalarına görə, yataqda təxminən 13 milyon ton mis, 907 tona yaxın qızıl və 18,6 min tona yaxın gümüş ehtiyatı mövcuddur.

Şirkətin baş icraçı direktoru Cek Lundin "Filo del Sol” yatağını son 30 ildə dağ-mədən sənayesində ən mühüm kəşflərdən biri adlandırıb.

Mütəxəssislərin fikrincə, bu yataq "yaşıl” enerji sektorunun inkişafında mühüm rol oynaya bilər. Mis elektromobillərin, külək turbinlərinin və elektrik şəbəkələrinin istehsalında geniş istifadə olunur. Qızıl isə yalnız zərgərlik sənayesində deyil, telekommunikasiya, aerokosmik sənaye və elektronika istehsalında da mühüm xammal hesab edilir.

Mədən işləri ciddi çətinliklərlə üzləşə bilər

Nəhəng ehtiyatlara baxmayaraq, onların çıxarılması olduqca mürəkkəb olacaq. Yataq Atakama səhrasında, dəniz səviyyəsindən təxminən 5 min metr yüksəklikdə yerləşir. Seyrək hava və sərt iqlim şəraiti işçilərdə dağ xəstəliyi riskini artırır, texnika və avadanlığın bölgəyə çatdırılması isə ciddi logistika çətinlikləri yaradır.

Bundan əlavə, ekoloqlar genişmiqyaslı hasilatın And dağlarının həssas yüksək dağ ekosistemlərinə zərər vura biləcəyindən narahatdırlar.

Ekoloqlar narahatlıq ifadə edirlər

Təbiəti mühafizə təşkilatlarının nümayəndələri bildirirlər ki, layihənin həyata keçirilməsi Argentina üçün əsas şirin su mənbələrindən biri olan buzlaqları təhlükə altına qoya bilər.

"Fundación Ambiente y Recursos Naturales” (FARN) təşkilatının məlumatına görə, ölkənin içməli su ehtiyatının təxminən 70 faizi məhz buzlaqlardan təmin edilir.

Digər mühüm problem isə mədən işləri üçün tələb olunan böyük həcmdə sudur. FARN bildirir ki, Argentinanın iri mədənlərindən biri hər il təxminən 25 milyard litr su istifadə edir. Bu həcm regionda yaşayan 500 min nəfərin illik su tələbatının üçdə birindən çoxuna bərabərdir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->