Hüseynbala Səlimov
Axır ki, dünya Tokio idman olimpiadasını birtəhər başa vurdu. Məsələnin qəlizliyi bunda idi ki, idmançılar təkcə öz rəqiblərilə, biri-birilə mübarizə aparmırdılar, həm də pandemiya ilə çarpışırdılar.
İdmançılarımız bizi xeyli sevindirdi, xüsusən də paralimpayıçılar – burada lap medalların sayını itirdik. Amma sözüm bunda deyil, mən idman jurnalisti deyiləm və idmandan yazmaq, "Niyə qızıl medallar az oldu”- deyə təhlillər aparmaq fikrim də yoxdur.
Yaş adamı müəyyən hesabat aparmağa vadar edir. Bu yaşımda tez-tez özümdən soruşuram ki, otuz illik mətbuat həyatında nə etmisən? Bircə onu bilirəm ki, uzun müddət cəmiyyətə qarşı opponentlik etdim. Lap dövlət ittihamçısı, prokuror kimi! Burada ənənələr də az rol oynamadı. Bizim milli ədəbiyyatımız və publisistikamız daim belə edib, cəmiyyətə dost olmaq əvəzinə, ona opponent olub. Bəli, ayrı-ayrı insanlara qarşı yox, hakimiyyətə qarşı yox, cəmiyyətə qarşı! Mən bilmirəm, bu, nə qədər uğurlu seçim, missiyadır? Amma müqayisəli analizlər göstərir ki, digər xalqlarda belə olmayıb, bir qədər fərqli olub. Amma rəhmətlik M.F.Axundovdan başlayaraq bizim ədəbiyyatımızın bircə mənfi qəhrəmanı olub: o da Azərbaycan cəmiyyəti...
Qərəz, mən də uzun müddət ittihamçı rolunda çıxış etdim. Amma bəlkə də sürətli nəticələrə kökləndiyimdən, bəlkə də öz fikirlərimdə axıra qədər israrlı olmadığımdan sonda qərara gəldim ki, insanların çoxu nə qəhrəman, nə də dahi olur. Onların böyük əksəriyyəti adicə adamdır, onlar gündüzlər işləməyi, axşam də evlərinə, ən azı, əliboş qayıtmamağı sevir və buna çalışırlar. Biz isə tutmuşuq onların yaxasından ki, bəs sən niyə qəhrəman deyilsən, niyə hər həftə inqilab etmirsən? Əlbəttə ki, biz onları başa düşmədiyimiz kimi, onlar da bizi başa düşmürdülər. Axırda da özümüz marginal elementlərə çevrildiik və yaxşı ki, proses bununla bitdi, əks təqdirdə, bundan da pis ola bilərdi, çünki bu cəmiyyətə qəhrəman da lazım deyildi. Guya kimsə bu cəmiyyət üçün çalışır, buna görə yazıb-pozur, hətta bu yolda həbsə düşürdü,- cəmiyyət əksər halda bundan xəbərsiz olurdu, xəbər tutanlar isə bir uzun "Noolsun?” deyirdi...
Biz, əlbəttə ki, cəmiyyətin bu laqeyd durumundan qeyzlənirdik, özümüzü lap başa düşülməyən dahilər kimi aparırdıq. Fəqət bundan bir nəticə hasil olmurdu.
Bizim cəmiyyət niyə dəyişmədi? Ona görə dəyişmədi ki, birincisi, biz göylərdə havalanırdıq, anlamırdıq ki, insanlar adi qayğılarla yaşayır və bu adamlar bizim abstrakt "ideyalarımız” uğrunda ölümə getməyi düşünmür. İkincisi, biz guya dəyişiklik istəyirdik, amma dəyişmiş, yeni insanları öz arxamızda görmək istəmirdirk. Burada kiçik bir detalı qeyd edəcəyəm.
Elə gətirdi ki, mən bir müxalifət partiyasından o birisinə keçməli oldum, amma təzəcə partiyada hamı mənə deyirdi ki, filan partiyadan çıxmaqda düz etdin, amma bura gəlməkdə səhv iş tutdun. Mən uzun müddət bunu başa düşmədim, amma sonradan anladım ki, bunlar məndən, ümumiyyətlə, bir şey istəyirlər: siyasətdən get! Elə buna görə də məni yeni partiyanın heç bir strukturuna yaxın belə buraxmadılar, halbuki bu partiyanın qərargahının ətrafında gecələr fırlanan sahibsiz itlər də onun, ən azı, "Məclis”inin üzvü idilər...
Odur ki, mən məğlub oldum. Daha əvvəlki tənqidçı yazar qalmadı, mən ictimai intihamlardan əl çəkib xarici siyasətdən cızma–qaralar edən bir müəllifə çevrildim. Amma düşünmürəm ki, səhv etmişəm. Yox, bir daha deyirəm ki, insanların çoxu qəhrəman olmur. Hətta alimlərin, yazıçıların da, rəssamların da çoxu dahi olmur. Ona görə sinəni didmək lazım deyil ki, bəs bu dahilərdən bizlərdə niyə yoxdur?
Elə ölkələr də qəhrəmanlar və yaxud dahilərçün olmur. Onlar adi insanların yaşaması üçündür. Əslində dahi və qəhrəman insanların heç vətəni də olmur, onlar üçün hər yer vətəndir...