Birinci Xanımların Qlobal Akademiyasının ("Global First Ladies Academy") dördüncü illik tədbirində Ermənistanı baş nazir Nikol Paşinyanla bir müddət əvvəl vətəndaş nikahına son qoyan Anna Akopyan təmsil edəcək. Bu barədə Baş nazir Nikol Paşinyanın qərar imzalayıb. Anna Akopyan tədbirdə iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına ezam olunacaq. Nikol Paşinyan qərarında qeyd edib ki, Anna Akopyan ABŞ-a baş nazirin xanımı qismində göndərilir.
Qaynarinfo bu barədə News.am-a istinadən xəbər veror.
Qərar iyunun 11-də imzalanıb. Ezamiyyətin 2026-cı il iyunun 26-dan iyulun 4-dək davam etməsi nəzərdə tutulur. Birinci xanımların tədbiri Nyu-Yorkda keçiriləcək.
Baş nazir aparatına tapşırıq verib ki, müəyyən edilmiş qaydada ezamiyyətlə bağlı faktiki xərclərin ödənilməsini təmin etsin. Buraya gündəlik xərclər, iyunun 29-dan iyulun 3-dək olan dövr üçün yaşayış xərcləri, həmçinin iyulun 4-də tranzit məntəqəsi olan Vyanada gecələmə xərci daxildir. Bu məqsəd üçün nə qədər vəsait ayrılacağı isə açıqlanmayıb.
Xatırladaq ki, 2026-cı il fevralın 17-də baş nazirin həyat yoldaşı Anna Akopyan özünün və Nikol Paşinyanın vətəndaş nikahının başa çatdığını bəyan etmişdi. Anna Akopyan özünün "Facebook" səhifəsində yazmışdı: "Hamıdan xahiş edirəm ki, bu mövzuda təmkinli və korrekt olsun". O bildirmişdi ki, hökumət iqamətgahını tərk edir və kirayə mənzilə köçür, çünki kreditlə alınmış ev hələ tikinti mərhələsindədir.
Anna Akopyan cinayət məsuliyyətinə cəlb oluna biləcəyini də istisna etməmişdi. O, "Həyatdır, bəlkə də belə bir inkişaf mümkündür, nə etmək olar, yaşayarıq, görərik”, deyə bəyan etmişdi.
Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin sədri isə jurnalistlərlə söhbətində bildirmişdi ki, "Mənim addımım" fondunun pulsuz ingilis dili kursları keçirməsi ilə bağlı qərar araşdırılır. Çünki seçkilərdə iştirak edən partiyalarla əlaqələndirilən təşkilatlara seçki gününün təyin edilməsindən sonra xeyriyyə fəaliyyəti ilə məşğul olmaq qadağandır.
2026-cı il aprelin 23-də jurnalistlər üçün keçirdiyi brifinqdə baş nazir Nikol Paşinyan ailəni qoruyub saxlamaq üçün səylər göstərdiyini və buna daha bir şans əldə etdiyinə sevindiyini bildirmişdi.
Aydın
Şərhlər