Xəbər lenti

Antiterror əməliyyatının zamanı çatıbmı? - Ekspert
Siyasət07:49 27.07.2023

Antiterror əməliyyatının zamanı çatıbmı? - Ekspert

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son zamanlar Ermənistan rəhbərliyi Laçın keçid məntəqəsinin "bağlandığını" və Qarabağın blokadaya alındığını iddia etməyə başlayıb. Halbuki, Bakı Ağdamdan keçməklə humanitar yardım üçün alternativ yol təqdim edir. İrəvan isə bu təklifi yaxına belə buraxmır. 
Digər tərəfdən, Rusiya da Qarabağ separatçılarından öz marağını təmin etmək üçün oyuncaq kimi istifadə edir. Bunu da Moskva bölgədə uzun müddət qalmaq üçün edir. Bu əsasda da bəzi ekspertlər düşünür ki, Qarabağda antiterror əməliyyatları keçirilmədən sülhə nail olmaq mümkün deyil. 
Politoloq Taleh Əliyev Qaynarinfo-ya açıqlamasında mövcud situasiyada Azərbaycanın antiterror əməliyyatına başlaması üçün zamanının hələ yetişmədiyini düşünür: 
"Paşinyan başda olmaqla Ermənistan hakimiyyətinin sistemsiz və əksər hallarda bir-birinə zidd açıqlamalar verməsi bir tərəfdən daxili auditoriyaya hesablanmış addımdır, digər tərəfdən də ölkəyə xaricdən olan təzyiqləri neytrallaşdırmaq məqsədi daşıyır. Xüsusilə də Paşinyan zaman-zaman Rusiya, Fransa və İranın, habelə Rusiyanın "5-ci kolonu”nun təzyiq və təhdidlərilə üzləşir. Ona görə də Paşinyan birmənalı, aydın və sistemli xətt yürüdə bilmir. 
Paşinyan həmçinin, Azərbaycanı Qarabağdakı separatçı rejimlə üz-üzə qoymaqla Rusiyanın hədəfinə tuş gəlməsinə nail olmağa çalışır. Brüssel və Vaşinqtonun sülh prosesində daha konstruktiv mövqe nümayiş etdirməsi fonunda Xankəndinin İrəvandan deyil, daha çox Moskvadan təlimat aldığını da görürük. Bir sözlə, Moskva Azərbaycanla Ermənistan arasında sülhün əldə olunmaması üçün Xankəndidəki separatçı rejimdən öz məqsədləri üçün yararlanmağa çalışır. 
Fikrimcə, Azərbaycan bunun fərqində olduğuna görə, mümkün qədər problemi bloklamalıdır. Bu gün Azərbaycanın Qarabağda antiterror əməliyyatı keçirmək cəhdi bölgədəki rus sülhməramlı qüvvələrilə üz-üzə gəlməsinə gətirib çıxarar ki, bunun da fəsadları ola bilər. Azərbaycan Qarabağ ermənilərinin Rusiyanın proyekti olmasını sübut edən siyasət yürütməlidir. Belə bir siyasi xəttin ortaya qoyulması istər-istəməz Moskvanı Qarabağ kartından fəal şəkildə istifadə etməkdən çəkindirəcək. 
Rusiya özünü sülh danışıqlarına ilk vasitəçilik edən ölkə kimi təqdim etsə də, Moskva Bakı ilə İrəvan arasında sülhün əldə edilməsindən daha çox, Qarabağdakı separatçı rejimi öz qalasına çevirməklə münaqişənin idarə edilməsinə üstünlük verir. Ona görə də hazırki situasiyada Azərbaycanın antiterror əməliyyatına başlaması zamanının yetişdiyini düşünmürəm. Çünki indiki halda belə bir əməliyyatı keçirəcəyimiz təqdirdə, artıq erməni silahlı dəstələrinin tör-töküntülərilə deyil, rus sülhməramlıları ilə üz-üzə qalmış olacağıq”. 
Rüfət Sultan