Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın Brüssel görüşü ərəfəsində ABŞ bölgədə öz fəallığını artırır.
Belə ki, aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Antoni Blinken Azərbaycan və Ermənistan liderləri ilə telefonla danışıb.
Antoni Blinken Vaşinqtonun bu gün Avropa İttifaqının vasitəçiliyilə Azərbaycan və Ermənistan rəhbərləri arasında olacaq Brüssel görüşünə xüsusi önəm verdiyini hər iki ölkə rəsmisinin diqqətinə çatdırıb.
Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Bakının irəli sürdüyü təklifləri amerikalı diplomatın nəzərinə çatdırıb. Dövlət başçısı humanitar məsələlərə toxunaraq vurğulayıb ki, Ermənistan-Azərbaycan müharibəsindən itkin düşmüş hesab olunan 3 890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməlidir. Prezident İlham Əliyev kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini də vurğulayıb.
ABŞ Dövlət katibi Antoni Blinkenin Nikol Paşinyanla telefon danışığında da təhlükəsizlik məsələləri müzakirə edilib. Tərəflər Qarabağdakı son vəziyyəti müzakirə edərək, regionda sabitliyin və sülhün təmin edilməsinin vacibliyini vurğulayıblar. Telefon danışığı zamanı
Ermənistan və Azərbaycan arasında demarkasiya və delimitasiya, həmçinin Ermənistan və Türkiyə arasında dialoqla bağlı fikir mübadiləsi aparılıb.
Siyasi araşdırmaşıların fikrincə, ABŞ Dövlət katibinin Brüssel görüşü ərəfəsində etdiyi bu zənglər adıçəkilən görüşü Vaşinqtonun diqqətlə izləyəcəyinin xəbərçisidir. A. Blinkenin "telefon diplomatiyası” onu deməyə əsas verir ki, Ağ Ev Brüsel görüşündən ciddi nəticələr gözləyir. Çünki Brüssel görüşündə hansısa bir nəticənin əldə edilməsi, istər-istəməz sözügedən prosesdə əsas təsir rıçaqına malik olan Rusiyanın istəklərinin puça çıxması anlamına gələ bilər. Belə ki, Kreml Azərbaycan və Ermənistan arasındakı yüksək səviyyəli görüşlərin Qərbin çətiri altında keçirilməsini isti qarşılamır.
Xüsusən də, Ukrayna məsələsilə əlaqədar Qərblə Rusiya arasında gərginliyin pik həddə çatması fonunda, Avropanın İrəvanla Bakını bir-birinə yaxınlaşdırmaq cəhdi Moskvanı qıcıqlandırır.
Bu əsasda Brüsseldə əldə oluna biləcək kiçicik bir irəliləyiş belə Moskvanın prosesdə hegomon rolunu arxa plana keçirə və tərəfləri onunla təmaslardan çəkindirə bilər.
Vaşinqton Brüssel görüşündə nəticə əldə etməklə həm də ATƏT-in Minsk qrupunun yenidən prosesdə iştirakına nail olmağa çalışır.
Digər tərəfdən, Ağ Ev Ukraynanın ardınca Cənubi Qafqazda da müharibənin yenidən alovlanmasında maraqlı deyil. Çünki bu, Rusiyaya qarşı yönəltdiyi iqtisadi sanksiyaları fonunda, alternativ mənbə olaraq onun iqtisadi layihələrinə, "köhnə dünya”nın enerji məhsulları ilə təminatında çətinlik yarada bilər. Bunu isə ABŞ ən azından indiki vəziyyətdə istəmir. Məhz bu səbəbdən də ABŞ Brüssel görüşünə xüsusi önəm verir.
Rüfət Sultan