Dünya 17:20 19.01.2023

AP Putinlə bağlı tribunalın yaradılmasına "hə" dedi: "Geriyə yolu yoxdur"

Avropa Parlamenti Vladimir Putin və Rusiyanın siyasi və hərbi rəhbərliyini mühakimə etmək üçün xüsusi tribunalın yaradılmasına səs verib. 427 deputat lehinə, 19 deputat əleyhinə səs verib, 33 deputat bitərəf qalıb.

Qaynarinfo xəbər verir ki, bu barədə qanunverici orqanın saytında deyilir.

"Parlament qəti şəkildə inanır ki, xüsusi tribunalın yaradılması həm Rusiya cəmiyyətinə, həm də beynəlxalq ictimaiyyətə çox aydın siqnal verəcək ki, prezident Putin və bütövlükdə Rusiya rəhbərliyi Ukraynada təcavüz cinayətinə görə mühakimə oluna bilər. Avropa Parlamentinin üzvləri qeyd edirlər ki, Putinin rəhbərliyi altında Rusiya Federasiyasının Qərblə normal münasibətlərə qayıtması artıq mümkün deyil”, – qətnamədə deyilir.

Parlamentarilər tribunalın Ukrayna və beynəlxalq ictimaiyyətlə sıx əməkdaşlıq şəraitində yaradılacağını gözləyirlər.

Avropa Parlamentinin deputatları vurğulayırlar ki, tribunal təkcə Vladimir Putin və Rusiyanın siyasi və hərbi rəhbərliyini deyil, həm də Aleksandr Lukaşenko və onun Belarusdakı müttəfiqlərini araşdırmaq səlahiyyətinə malik olmalıdır.

Nizami Bağırov