Dünya 14:56 15.03.2024

Argentina Senatı Xavyer Mileyin iqtisadi islahatlar paketinin əleyhinə səs verdi

Dünən, martın 14-də Argentina Senatı ölkə prezidenti Xavyer Mileyin genişmiqyaslı iqtisadi islahatlar paketini özündə əks etdirən fərmanının əleyhinə səs verib. 
 
Qaynarinfo xəbər verir ki, 42 senator əleyhinə, 25 senator lehinə səs verib.

Daha əvvəl Argentina parlamentinin aşağı - Deputatlar palatası tədbirlər paketini dəstəkləyib. Deputatlar palatası indi fərmana yenidən səs verəcək. Əgər o, bunu yenidən dəstəkləsə, Senatdakı səsvermədən asılı olmayaraq, fərman qüvvəyə minəcək.

Libertar baxışları ilə tanınan Miley vəzifəyə gəldikdən dərhal sonra iqtisadiyyatın dövlət tənzimlənməsini azaltmağa yönəlmiş bir neçə yüz iqtisadi islahatın aparılması haqqında fərman imzalayıb. Ümumilikdə, fərmanda 300-dən çox bənd var. Onların arasında icarə məhdudiyyətlərinin və dövlət şirkətlərinin özəlləşdirilməsinə maneələrin aradan qaldırılması, əmək qanunvericiliyində dəyişikliklər, vergi amnistiyası, turizm sektorunda dəyişikliklər, torpaq qanunvericiliyi və s. var.

Nizami Bağırov