Alimlər Arktikada buzlaqların əriməsi nəticəsində dəniz dibində yeni ekosistemlərin formalaşdığını müəyyən ediblər. Tədqiqatçılar bildirirlər ki, bu proses qlobal istiləşmənin müsbət nəticəsi kimi qiymətləndirilməməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Economictimes" yazıb.
Araşdırmalara görə, Qrenlandiyanın şimal-şərqində və Rusiya Arktikasının bəzi bölgələrində buzlaqlar son 20 ildə daha sürətlə dağılmağa başlayıb. Buz kütlələri qoparaq aysberqlərə çevrilir və özləri ilə birlikdə quru səthində toplanmış daş və süxur parçalarını da dənizə aparır.
Aysberqlər okeanda əridikdən sonra bu daş materiallar dəniz dibinə çökür. Xüsusilə Fram boğazında (Qrenlandiya ilə Şpitsbergen arxipelaqı arasında) bu proses daha intensiv müşahidə olunur.
Alimlərin qeyd etdiyinə görə, Arktika dəniz dibinin böyük hissəsi yumşaq lil ilə örtülüdür və bu səbəbdən bir çox dəniz canlısı burada yaşaya bilmir. Lakin daşların yaranması ilə birlikdə sərt səthlər formalaşır və bu sahələr "həyat adacıqları” rolunu oynayaraq mərcanlar, süngərlər və digər dərin dəniz orqanizmləri üçün məskənə çevrilir.
Tədqiqatçılar iqlim dəyişikliyi ilə bu proses arasındakı əlaqəni təsdiqləmək üçün Almaniyanın "Polarstern” adlı buzqıran gəmisinin 40 illik müşahidə məlumatlarını təhlil ediblər. Məlumatlar 2000-ci illərdən etibarən Fram boğazında aysberq sayının əhəmiyyətli dərəcədə artdığını göstərib.
Süni peyk görüntülərinin əlavə təhlili bir çox aysberqin Qrenlandiya və Rusiya Arktikasındakı buzlaqlardan ayrıldığını və həmin buzlaqların son illərdə daha sürətli destabilizasiya əlamətləri göstərdiyini ortaya qoyub.
Alimlər bildirirlər ki, dəniz dibində baş verən dəyişikliklər çox yavaşdır. 25 illik müşahidələr ərzində yalnız məhdud sayda yeni növün bu daşlıq ərazilərdə məskunlaşdığı qeydə alınıb. Lakin qlobal istiləşmənin davam etməsi ilə bu prosesin sürətlənə biləcəyi ehtimal olunur.
Eyni zamanda tədqiqatçılar xəbərdarlıq ediblər ki, bu hadisə qlobal istiləşmənin müsbət nəticəsi kimi qəbul edilməməlidir. Aysberqlərin artması Arktikada gəmiçilik, neft-qaz sektoru və balıqçılıq üçün əlavə risklər yaradır.
Bundan başqa, yeni növlər mövcud ekosistemləri sıxışdıraraq Arktikanın həssas təbii balansında əlavə dəyişikliklərə səbəb ola bilər.
Müəlliflər vurğulayırlar ki, buzlaqların dağılması təkcə dəniz səviyyəsinə deyil, həm də planetin ən ucqar bölgələrindəki həyat formalarına təsir göstərir və əvvəllər mövcud olmayan yeni ekosistemlər yaradır.
Alimlərin fikrincə, oxşar proseslər Alyaska və Qərbi Antarktidada kimi sürətlə isinən digər regionlarda da baş verə bilər.
Aydın
Şərhlər