"WikiLeaks"in qurucusu Culian Assanc Ekvadorun Londonda yerləşən səfirliyindən çıxarılacaq.
Qaynarinfo Euronews-a istinadən xəbər verir ki, bu barədə Ekvador səfirliyi və İngiltərə hökuməti razılıq əldə edib. Qərarın icra prosesi yaxın saatlar, və ya günlərdə baş tutacaq.
Qeyd edək ki, Culian Assanc 2012-ci ildən bəri səfirlik binasında yaşayır. İngiltərə İsveçdə cinsi zorakılıqda ittiham edilən Assancın bu ölkəyə ekstradisiyası barədə qərar çıxarıb. İsveç hökuməti 2017-ci ildə bu iddianı ləğv edib, lakin Culian Assanca qarşı casusluq ittihamı irəli sürülüb.
"WikiLeaks" saytı bir çox ölkə və şəxslərlə bağlı gizli məlumatları yaymağı ilə bilinir. Assanc 2010-cu ildə İraq müharibəsində ABŞ əsgərlərinin mülki vətəndaşları güllələməsi görüntülərini və digər məxfi məsələlər barədə məlumatları yayıb. Bu səbəbdən onun ABŞ-a təhvil verilməsi də gündəmdədir.
Gülşən