Avdeyevka və Kupyanskın müdafiəsi üçün ehtiyatlar cəlb ediləcək. Qoşunlar və qüvvələr də düşmənin irəliləyişinin qarşısını almaq üçün bu istiqamətlərdə yenidən qruplaşdırılacaq.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski "Facebook”da məlumat verib.
Müvafiq qərar yeni Baş komandan və müdafiə naziri Rustem Umerovun Avdeyevka və Kupyansk istiqamətlərinə səfərindən sonra qəbul edilib.
Sırski qeyd edib ki, işğalçıların hücum potensialını azaltmaq üçün Ukrayna qoşunlarının yenidən qruplaşdırılması həyata keçiriləcək və ehtiyatlar cəlb ediləcək.
O, görülən işlərin nəticələrinə əsasən, bu istiqamətlərə ehtiyatların, döyüş sistemlərinin cəlb edilməsi, atəş dəstəyi və qoşunların və qüvvələrin yenidən qruplaşdırılması, eləcə də düşmənin hücum potensialının azaldılması üçün qüvvələrin lokallaşdırılması üzrə operativ qərarlar qəbul edib.
Sırski komandirlərlə bölmələrin döyüş təminatı məsələlərini də müzakirə edib.
"Döyüş meydanında vəziyyətin sürətlə dəyişməsini nəzərə alaraq, şəxsi heyətin həyatını qorumaq üçün müstəqil olaraq müvafiq təcili qərarlar qəbul etmək səlahiyyətini komandirlərə həvalə etdim", - deyə Sırski bildirib.
Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı qeyd edib ki, Avdeyevka və Kupyansk istiqamətində işğalçılar səylərini artırır, onlarla, yüzlərlə əsgəri "ət maşınına” atırlar, cəbhəyanı əraziləri atəşə tuturlar. Eyni zamanda, Müdafiə Qüvvələri düşməni böyük itkilərə məruz qoyur. Təkcə Avdeyevka istiqamətində son 24 saat ərzində ukraynalı müdafiəçilər rus işğalçılarının 29 hücumunu dəf ediblər.
Nizami Bağırov