"Rusiya bu gün Ukraynada işğalçılıqla məşğuldur. Bu baxımdan, Avrasiyada yeni təhlükəsizlik sistemini praktikada, fəaliyyətdə, əməli olaraq yerinə yetirmək lazımdır".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Şanxay Əməkdaşlıq Təşkilatı, xüsusən də ora üzv aparıcı ölkələrin Avrasiyada yeni təhlükəsizlik sistemini formalaşdırmaq niyyətlərini şərh edərkən deyib.
"Qlobal təhlükəsizliyin bir hissəsi kimi Avrasiyanın təhlükəsizliyi aparıcı element olaraq düşünülür. Belə bir deyim var - Avrasiyada kim hökmranlıq edərsə, o dünyanı da idarə edəcək", deyə ekspert bildirib.
Politoloq qeyd edib ki, Avrasiya çox önəmli geostrateji mövqeyə malikdir:
"Digər tərəfdən, intibah dövrü tədricən Qərbdən yenidən Şərqə yönəlir. Bu baxımdan, Avrasiyanın təhlükəsizliyi də təmin olunmalıdır ki, qlobal təhlükəsizliyə ciddi töhfə verilsin. Avrasiyada sülh, əməkdaşlıq, ticarət bərqərar olarsa, bu, bütün dünyaya sirayət edəcək. Çünki ümumdaxili məhsulun böyük əksəriyyəti məhz bu coğrafi məkana aiddir".
"ŞƏT-in Avrasiyada yeni təhlükəsizlik sistemi yaratmaq ideyası o zaman real olacaq ki, Avrasiyada təhlükəsizliyə töhfə verəcək dövlətlər həqiqətən də yürütdükləri siyasətdə səmimi olsunlar. Rusiya bu gün Ukraynada işğalçılıqla məşğuldur. Bu baxımdan, Avrasiyada yeni təhlükəsizlik sistemini praktikada, fəaliyyətdə, əməli olaraq yerinə yetirmək lazımdır. Avrasiyada sülh istəyən dövlət Ukraynada sülhün bünövrəsini qoymaq üçün atəşkəsə razı olmalıdır. Amma Rusiya buna getmir", deyə politoloq qeyd edib.
Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatının Çində keçirilən sammiti fonunda təşkilata üzv dövlətlər tərəfindən Avrasiyada yeni təhlükəsizlik sisteminin formalaşdırılmasının vacibliyi önə çəkilir. 2001-ci ildə əsası qoyulan ŞƏT son 25 ildə öz mövqeyinin müəyyən dərəcədə də olsa möhkəmlənməsinə nail olub. Artıq bu təşkilat regional təşəbbüsdən Avrasiya diplomatiyasının konturlarını müəyyən edən əsas beynəlxalq platformalardan birinə çevrilib. Bunun nəticəsidir ki, ŞƏT indi də Avrasiya məkanında yeni təhlükəsizlik sisteminin formalaşdırılması vacibliyini önə çəkir. Amma Avropa İttifaqı, ABŞ kimi nəhənglərin qarşısında bunu həyata keçirmək ŞƏT üçün heç də asan olmayacaq.
Rüfət Sultan
Şərhlər