Avropada hərbi ittifaqların formalaşması sürətlənir. Ötən həftə Xorvatiya, Albaniya və Kosovo hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalayıb ki, bu da faktiki olaraq hərbi alyansın yaradılması anlamına gəlir.
Qaynarinfo xəbər verir ki, sənəd üç ölkənin xarici təhlükələrə qarşı birgə mübarizəsini nəzərdə tutur. Ekspertlər uzun müddətdir xəbərdarlıq edirdilər ki, ABŞ-ın NATO çərçivəsində Avropa ilə münasibətlərindəki dəyişikliklər Avropa ölkələrinin müdafiə siyasətində daha müstəqil hərəkət etməsinə və eyni zamanda, ittifaq daxilində müxtəlif maraq qruplarının formalaşmasına səbəb olacaq.
Martın 22-də Xorvatiya, Albaniya və Kosovonun müdafiə nazirlikləri bir gün əvvəl Tiranda imzalanmış hərbi əməkdaşlıq sazişinin mətnini dərc edib. Sənəd dörd əsas maddədən ibarətdir və hərbi sahədə əməkdaşlıq, birgə kadr hazırlığı və təlimlərin keçirilməsi, xarici təhlükələrə, o cümlədən kibertəhlükələrə və dezinformasiya kampaniyalarına qarşı birgə mübarizə, eləcə də kəşfiyyat məlumatlarının mübadiləsini nəzərdə tutur. Həmçinin, sənəddə tərəflərin təhlükəsizlik və müdafiə sahəsində avroatlantik çoxtərəfli qurumlarla siyasətlərini və mövqelərini uzlaşdırmaq öhdəliyi vurğulanır. Üç ölkə bu sazişə digər dövlətlərin də qoşulmasına açıq olduqlarını bəyan edib.
Sazişin imzalanmasından sonra Serbiya dərhal sərt mövqe ortaya qoyub. Serbiya prezidenti Aleksandar Vuçiç bildirib ki, Xorvatiya, Albaniya və Kosovonun bu təşəbbüsü regionda silahlanma yarışına səbəb ola bilər.
Serbiya hökuməti sazişin tərəflərindən dərhal izahat tələb edib və Belqradın regionda təhlükəsizliyi və sülhü təhdid edəcək birtərəfli addımlara icazə verməyəcəyini bəyan edib.
Buna cavab olaraq Kosovo rəsmiləri sazişin heç bir ölkəyə qarşı yönəlmədiyini və üç dövlətin hər hansı təhlükə və çağırışlara qarşı birlikdə hərəkət etməyə hazır olduqlarının siqnalı olduğunu bildiriblər. Kosovonun Xarici İşlər Nazirliyi isə Belqrada qarşı daha sərt mövqe nümayiş etdirərək, Serbiyanın bu reaksiyasının 2023-cü ildə Avropa İttifaqının vasitəçiliyi ilə imzalanmış Brüssel sazişini pozduğunu iddia edib.
Xorvatiya isə Serbiyaya daha sərt cavab verib. "Zaqreb artıq Belqradın icazəsini almaq məcburiyyətində deyil", deyə Xorvatiya hökuməti bəyan edib.
Xorvatiyanın Baş naziri Andrej Plenkoviç isə əlavə edib: "Bizim üç ölkə qərarlarını nə Serbiyadan, nə də NATO-dan təsdiqlətmək məcburiyyətində deyil".
Xorvatiyanın baş nazirinin açıqlamasından da göründüyü kimi, ABŞ-da Donald Tramp administrasiyasının hakimiyyətə gəlməsindən sonra NATO daxilində münasibətlərin dəyişməsi Avropa ölkələrinin müdafiə siyasətində daha müstəqil qərarlar verməsinə yol açıb. Bu, eyni zamanda, region ölkələrinin "maraqlar üzrə hərbi birliklər" yaratmasına təkan verib.
İki üzvü NATO-nun tamhüquqlu üzvü, biri isə alyansa namizəd olan bu üçlük belə birliklərdən birinə çevrilə bilər. Əgər regiondakı digər ölkələr də bu təşəbbüsə qoşularsa, proses daha da sürətlənə bilər.
Bəzi Balkan ekspertləri bu ehtimalı mümkün hesab edirlər. Belqrad Təhlükəsizlik Siyasəti Mərkəzinin eksperti Vuk Vuksanoviç bildirir ki, ABŞ-ın NATO-ya bağlılığının zəifləmə ehtimalı Balkan ölkələrinin hərbi sahədə əməkdaşlıq etməyə daha çox maraq göstərməsinə səbəb olur.
Bu arada, Serbiya hökumətinə yaxın media qurumları rəsmi mənbələrə istinadən xəbər verib ki, Belqrad Xorvatiya, Albaniya və Kosovonun hərbi ittifaqına cavab olaraq Macarıstanla hərbi ittifaq yaratmağı planlaşdırır.
Aydın
Şərhlər