Kremlə bağlı olan Rusiya şirkətlərinin nümayəndələrinə artıq Avropa Parlamentinin binalarına daxil olmağa icazə verilmir.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə Prezident Roberta Metsola öz Twitter hesabında məlumat
verib.
"Biz onlara Ukraynanın işğalı ilə bağlı təbliğat və yalan, zəhərli rəvayətləri yaymaq üçün heç bir yer verməməliyik”, - o deyib.
"Qadağa daha çox Kremllə əlaqəsi olan Rusiyanın böyük dövlət şirkətlərinə təsir edəcək. Brüsseldə ən böyük lobbiçilik gücünə sahibdirlər. Aydındır ki, Rusiyadan olan vətəndaş cəmiyyəti qruplarının, tənqidçi jurnalistlərin və ya hüquq müdafiəçilərinin səsləri hələ də Avropa Parlamentində eşidiləcək”, - Avropa Parlamentinin Yaşıllar Partiyasından deputatı EURACTIV-ə bildirib.
Qərar, yaşayış yerindən asılı olmayaraq, AB sanksiyaları altında olan və ya AB-nin Şəffaflıq Reyestrində qeyd olunan Rusiyada olan şirkətlərdə çalışan bütün insanlara şamil ediləcək.
AB Şəffaflıq Reyestri "AB siyasətinə və qərar qəbul etmə prosesinə təsir göstərmək üçün fəaliyyətlər həyata keçirən” təşkilatların, assosiasiyaların, qrupların və müstəqil işləyən şəxslərin siyahısını əks etdirən məlumat bazasıdır və AB institutlarında daha şəffaf lobbiçilik mühiti yaratmağı hədəfləyir.
Nurlan Hüseynov