Dünya 13:33 20.01.2023

Avropa Parlamentinin İranla bağlı qərarı nəyi dəyişəcək? - Politoloq

"SEPAH-ın terror təşkilatı kimi tanınması İran daxilində rejimə qarşı sosial etirazları daha da artıracaq və nəticədə teokratik rejimin çöküşü sürətlənəcək”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Avropa Parlamentinin İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terroçu təşkilatlar siyahısına daxil etməsinə münasibət bildirərkən deyib. Politoloq qeyd edib ki, Avropa Birliyinin icra strukturları, hökumətləri qərarı təsdiqləyəcəyi təqdirdə, bu İrana qarşı ciddi siyasi, hüquqi addım olacaq:
 
"Avropa Parlamentinin SEPAH-ı terror təşkilatı kimi tanıması barədə qərarı tövsiyyə xarakterlidir. Avropa Birliyinin icra strukturları, hökumətləri onu təsdiq etməlidir. Təsdiq olunduğu təqdirdə, bu İrana qarşı ciddi siyasi, hüquqi addım olacaq. Çünki bundan sonra İran və SEPAH-la əməkdaşlıq mümkün olmayacaq. Atılan addım ciddi şəkildə İranın əleyhinə işləyəcək. Ona görə ki, heç bir hüquqi dövlət İranla münasibətlər sistemi qura bilməz. Bu baxımdan verilən qərar İran üçün ciddi məhdudiyyətlər yaradacaq”. 
 


Həmsöhbətimiz qeyd edir ki, verilən qərar Tehrana münasibətdə daha ciddi sanksiyalara səbəb olacaq:

"Qərb Rusiyaya raketlər verdiyi üçün artıq İrana sanksiyalar tətbiq etməyə başlayıb. SEPAH-ın terrorçu təşkilat elan olunması isə daha ciddi növbəti sanksiyaların önünü açacaq. Nəticədə, iqtisadiyyatı şökmüş, əhalisi getdikcə yoxsullaşan İranı daha çətin vəziyyətə salacaq. Nəticə etibarı ilə mövcud vəziyyət İran daxilində sosial etirazların daha da artmasına gətirib çıxaracaq və teokratik rejimin çöküşü sürətlənəcək”. 

Qeyd edək ki, Avropa Parlamenti İranın İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terroçu təşkilatlar siyahısına daxil edib. Bu barədə layihə qurum tərəfindən böyük səs çoxluğu ilə qəbul edilib. 

Rüfət Sultan