Xəbər lenti

Avropa Rusiya dronlarına qarşı
Dünya 20:10 19.07.2026

Avropa Rusiya dronlarına qarşı "sehrli çubuq" tapdı - "Telegraph"

İsveçin "Nordic Air Defence” (NAD) şirkəti Avropa ölkələrinin Rusiya pilotsuz uçuş aparatlarının kütləvi hücumlarına qarşı daha səmərəli mübarizə aparmasına kömək etmək məqsədilə hazırladığı, aşağı qiymətli "Kreuger” adlı yeni dron-tutucunu qapalı sınaqlarda nümayiş etdirib.
 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” qəzeti İsveçdə yerləşən məxfi poliqonda keçirilən təqdimata istinadən məlumat yayıb.

Nəşrin yazdığına görə, "Kreuger” təxminən 11 min ABŞ dolları dəyərində olan kompakt dron-tutucudur. Şirkət bildirir ki, sistemin əsas üstünlüyü onun aşağı maya dəyəridir. Hazırda NATO ölkələri ucuz Rusiya dronlarını məhv etmək üçün bəzi hallarda dəyəri təxminən 1 milyon ABŞ dollarına çatan zenit raketlərindən istifadə etməyə məcbur qalırlar.

Təqdimat zamanı şirkətin mühəndisi Dominik Surano yeni sistemi belə təsvir edib: "Əslində bu, döyüş başlığı ilə təchiz edilmiş uçan mobil telefondur".

Onun sözlərinə görə, sistem hədəfi aşkar etmək, ona yaxınlaşmaq və döyüş başlığını uyğun anda işə salmaq üçün süni intellekt texnologiyalarından istifadə edir.

Nəşr bildirir ki, nümayiş uçuşu zamanı "Kreuger” əvvəlcə hədəf dronun yanından keçsə də, qısa müddət sonra marşrutunu korrektə edərək geri dönüb və təlim döyüş başlığını tələb olunan məsafədə uğurla işə salıb.

"The Telegraph” qeyd edir ki, ucuz zərbə dronlarına qarşı mübarizə NATO ölkələri üçün getdikcə daha ciddi problemə çevrilir. Məqalədə bildirilir ki, hadisələrdən birində 20-yə yaxın Rusiya dronu Polşanın hava məkanına daxil olmuş, bundan sonra onların qarşısını almaq üçün müttəfiqlər qırıcı təyyarələri havaya qaldırmışdılar. Oxşar problemlər hava limanlarının və pilotsuz uçuş aparatlarının hədəfinə çevrilə biləcək sənaye obyektlərinin mühafizəsində də müşahidə olunur.

NAD-ın strategiya direktoru, İsveçin sabiq xarici işlər naziri Tobias Bilström hesab edir ki, şirkət müasir hava hücumundan müdafiə sistemlərinin əsas problemlərindən birini həll etməyə nail olub. Onun sözlərinə görə, şirkət ilk növbədə bu dron-tutucuları Ukrayna hərbçilərinə təqdim etməyi, daha sonra isə digər Avropa ölkələrinə təklif etməyi planlaşdırır.

Bununla yanaşı, nəşr qeyd edir ki, ucuz antidron sistemləri üzərində işləyən yeganə şirkət NAD deyil. Almaniyanın "Heckler & Koch” və "Rheinmetall” şirkətləri də süni intellektdən istifadə edən öz dron-tutma sistemlərini hazırlayırlar. Lakin ekspertlər bildirirlər ki, hökumətlər hələlik gənc texnologiya şirkətlərinə ehtiyatla yanaşır və daha çox ənənəvi müdafiə sənayesi istehsalçılarına üstünlük verirlər.

Avropa Xarici Əlaqələr Şurasının eksperti Ulrike Franke isə hesab edir ki, gələcəkdə aşağı qiymətli antidron sistemləri həlledici rol oynayacaq.

"Ən vacib məsələ onların qarşısını ala bilməkdir, lakin xərc də böyük əhəmiyyət kəsb edir. Ukraynadakı kimi minlərlə dronun eyni vaxtda hücum etdiyi bir vəziyyəti təsəvvür etsəniz, təkcə müdafiəyə çəkilən xərclər maliyyə baxımından ciddi çətinliklər yarada bilər”, deyə Franke bildirib.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->