Avropada həftəsonundan etibarən təsirini artıran güclü istilər dalğası qitəni faktiki olaraq qovurur. Bir çox ölkədə temperatur 40 dərəcə həddinə yaxınlaşarkən, ardıcıl xəbərdarlıqlar və təcili tədbirlər tətbiq olunub.
Qaynarinfo xəbər verir ki, havanın rekord səviyyələrə çatması ilə əlaqədar Fransa "qırmızı xəbərdarlıq” rejiminə keçib. Ölkədə böyük musiqi festivalı zamanı alkoqol qadağası tətbiq edilib, bəzi bölgələrdə qatar reysləri dayandırılıb. İtaliya və İspaniya da xəbərdarlıq rejiminə keçərkən, Almaniyada isə istilərlə yanaşı güclü fırtına riski gündəmdədir.
Fransada qırmızı xəbərdarlıq: Musiqi festivalına alkoqol qadağası
Fransada həftəsonu 35 bölgədə tətbiq olunan "qırmızı xəbərdarlıq” rejimi bazar ertəsi etibarilə 49 bölgəyə yüksəlib. Rəsmilər 845 məktəbin bağlandığını, 1800 məktəbdə isə şagirdlərin normaldan daha tez evə buraxıldığını açıqlayıb. "Fête de la Musique” çərçivəsində keçirilən tədbirlərdə ictimai yerlərdə alkoqol istehlakı qadağan edilib.
Fransanın bəzi bölgələrində temperatur 40 dərəcəni keçib. Gironde bölgəsində yerli qurumlar 80–95 yaş aralığında üç nəfərin ölümündə həddindən artıq istilərin rol oynadığını bildirib.
Nəqliyyata təsir
İstilik dalğası nəqliyyat sisteminə də ciddi təsir göstərib. Fransa və Belçika dəmir yolu reyslərində azaldılmaya gedib. Paris və ətraf ərazilərdə bəzi şəhərətrafı xətlərdə hərəkət məhdudlaşdırılıb. Belçika Milli Dəmir Yolları Şirkəti ("SNCB”) relslərdə yarana biləcək nasazlıqlar səbəbilə bəzi pik saat reyslərinin ləğv edildiyini açıqlayıb. Fransada isə relslərdə genişlənmə riski xəbərdarlığı edilib.
İspaniyada 44 dərəcə gözlənilir
İspaniya Meteorologiya Agentliyi ("Aemet”) çərşənbə gününədək həm gecə, həm gündüz temperaturunun normadan xeyli yüksək olacağı barədə xəbərdarlıq edib. Bəzi bölgələrdə havanın 44 dərəcəyə qədər yüksəlməsi gözlənilir. Madrid şəhərində isə istilərə görə Dünya Kubokunun ictimai ekranlardan izlənilməsi üçün planlaşdırılan tədbir ləğv edilib.
İtaliya və Almaniyada da vəziyyət gərgindir
İtaliyada bir neçə gündür davam edən istilər səbəbilə Bolonya, Florensiya, Milan və Turin daxil olmaqla səkkiz şəhərdə qırmızı xəbərdarlıq elan edilib.
Almaniyada isə vəziyyət fərqlidir: ölkədə temperatur 38 dərəcəyə qədər yüksəlsə də, Meteoroloji Xidmət ("DWD”) Berlin də daxil olmaqla şərq bölgələr üçün güclü fırtına xəbərdarlığı verib. Berlin Açıq tennis turnirində də güclü külək və leysan səbəbilə tamaşaçılar təxliyə edilib.
Təbiət və canlılar da təsirlənir
İstilik dalğası vəhşi təbiətə də zərər vurur. Belçikanın Namur şəhəri yaxınlığında yerləşən vəhşi təbiət mərkəzi son günlərdə istilik stressi yaşayan təxminən 150 heyvanın mühafizəyə götürüldüyünü, xüsusilə balaca quşların ciddi risk altında olduğunu açıqlayıb.
Mütəxəssislər bildirirlər ki, Avropada istilik dalğaları iqlim dəyişikliyi səbəbilə daha tez-tez və daha şiddətli hal alır və hazırkı vəziyyət bu tendensiyanın açıq göstəricisidir.
Aydın
Şərhlər