Xəbər lenti

Avropada üzmək üçün ən təmiz göllər: Lider ölkə Avstriya oldu
Dünya 23:40 06.07.2026

Avropada üzmək üçün ən təmiz göllər: Lider ölkə Avstriya oldu

Avropa mütəxəssisləri yayda üzmək üçün yararlı olan göllərdə suyun keyfiyyətinə görə ölkələrin reytinqini hazırlayıblar. Qiymətləndirmə yalnız Avropa İttifaqının su keyfiyyəti üzrə direktivi çərçivəsində mütəmadi yoxlanılan rəsmi çimərlik sularını əhatə edib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Euronews" məlumat yayıb.

Araşdırmada ölkələr suyun "əla" keyfiyyət göstəricisinə malik çimərlik sularının payına görə sıralanıb.

Reytinqin lideri Avstriya olub – ölkədə daxili suların 96,5 faizi çimmək üçün əla keyfiyyətli hesab edilib. Alp dağlarının təmiz su ehtiyatları formalaşdırdığı bildirilir. Atterze gölü yayda 7–9 metrədək sualtı görünürlük təqdim edir, Hallştatt bölgəsində isə xüsusi süni adalarda çimmək üçün yerlər mövcuddur.

İkinci yerdə Finlandiya qərarlaşıb (94,7%). "Min göllər ölkəsi" kimi tanınan Finlandiyada əslində 187 mindən çox göl var. Tuusula gölü yayda 18–22°C temperatura qədər isinir, Saimaa gölü isə Avropanın ən böyük göllərindən biri sayılır və minlərlə adadan ibarət mürəkkəb sistemi ilə seçilir.

Almaniya 91,5% göstərici ilə üçüncü olub. Ölkədə "Strandbad" adlanan ictimai çimərlik kompleksləri geniş yayılıb. Qriessee gölü ən isti, Boden gölü isə Almaniya, İsveçrə və Avstriya sərhədlərini əhatə edən ən böyük göllərdən biridir.

İtaliya 87,7% nəticə ilə dördüncü yerdə qərarlaşıb. Burada Aralıq dənizi iqlimi səbəbindən göllərin suyu daha isti olur. Kaltern gölü yayda 28°C-yə qədər isinərək ən isti göllərdən biri sayılır. Komo, Qarda və Madjore gölləri isə ən populyar istiqamətlərdəndir.

İsveçrə 84,4% nəticə göstərib. Sürix və Cenevrədə "vəhşi üzgüçülük" mədəniyyəti geniş yayılıb. Luqano gölü isə ölkənin ən isti gölü hesab olunur.

İsveç 82,1% göstərici ilə siyahıda yer alıb. Burada təbiətə sərbəst giriş hüququ sayəsində bir çox göllərdə çimmək mümkündür.

Fransada isə suların 71%-i "əla" keyfiyyətli hesab edilib. Ən isti göl Savoy bölgəsində yerləşən Egblet gölüdür (28°C-yə qədər).

Siyahını Niderland (70,4%), Macarıstan (64%) və Polşa (56,7%) tamamlayır. Macarıstandakı Heviz gölü xüsusi olaraq qeyd edilib – o, ilboyu isti olan dünyanın ən böyük termal çimərlik gölü sayılır.

Mütəxəssislər qeyd edirlər ki, Avropada çimmək üçün ən təhlükəsiz və təmiz yerlər rəsmi nəzarət olunan göllər və çimərliklərdir.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->