12 milyon dollara başa gələn və Avropanın ən kiçik hava limanlarından biri olan Ostrava gündə yalnız 3 reys qəbul edir və ilin əksər dövründə boş vəziyyətdə qalır.
Qaynarinfo "Express" nəşrinə istinadən xəbər verir ki, bu, təkcə Avropanın deyil, həm də dünyanın ən kiçik hava limanlarından biridir.
Nəşrin məlumatına əsasən, sərnişinlərdən biri bu hava limanında uçuşunu gözləyərkən video çəkib. Oradakı vəziyyət adi hava limanlarında müşahidə olunan izdiham və xaosdan xeyli fərqlənib. Əksinə, hava limanı demək olar ki, tamamilə boş olub və ətrafda çox az sayda sərnişin olub.
"Ostrava hava limanı Çexiyada gündə təxminən üç kommersiya reysi qəbul edir, bəzən isə bu rəqəm hətta ikiyə qədər azalır", deyə nəşr yazıb.
Qeyd olunur ki, oktyabrdan aprel ayına qədər hava limanı adətən boş qalır, çünki bu dövr mövsümlərarası vaxt hesab olunur. Hava limanı əsasən yay aylarında, turizm agentliklərinin sifarişi ilə həyata keçirilən reyslər zamanı daha çox yüklənir.
"Airports Worldwide" məlumatına görə, kiçik ölçüsünə baxmayaraq, hava limanı regionun mühüm iqtisadi və sənaye mərkəzinə xidmət edir.
Hava limanı Praqadan üç saatdan bir qədər çox məsafədə və Polşa sərhədinin yaxınlığında yerləşir.
Ostrava hava limanı, həmçinin Ostrava-Moşnov Beynəlxalq Hava Limanı kimi tanınır və Çexiyanın ikinci ən böyük hava limanıdır. Hazırda Ostravadan bir daxili reys həyata keçirilir.
Bu hava limanına uçuş etdikdə və ya buradan yola düşdükdə Dolni Vitkovitseni ziyarət etmək tövsiyə olunur. Bu tarixi məkan vaxtilə Avropanın ən böyük kömür və dəmir filizi müəssisələrindən biri olub. Bu gün isə XIX əsr sənaye memarlığının ən təsirli nümunələrindən biri hesab edilən mədəni irs obyektidir.
Aydın
Şərhlər