Hüseynbala Səlimov
Gerçək həyatı dəqiq bilmirəm, xəyali müstəvidə Avropa ilə bağlı ilk uğursuz cəhd kimi böyük Mirzə Fətəlinin "Hekayəti müsyö Jordan və dərviş Məstəli şah” dramı yadımda qalıbdır; düşünürəm ki, əgər xəyali müstəvidə Şahbaz bəy Parisə səfər edə bilsəydi ən azı ilk uğurlu nümunə olardı bu...
Amma heyhat və təəssüf; Şahbaz Parisə gedə bilmədi, bu azmış kimi, dərviş Məstəli şah bütün Şahbaz kimilərin Parisə yolunu bağlamaq üçün cəmi cinləri və əcinnələri bu şəhərə yolladı, orada elə bir tonqal qaladı hətta bu günlərdə Nort-Dam kilsəsində baş vermiş yanğın onun yanında adicə Novruz tonqalı kimi bir şey idi...
Beləcə, zaman istiqamətimizi dəyişə bilmədi, biz yenə də Məşhədə, Kərbalaya və Məkkəyə gedib məşədi, kərbalayi və hacı olmaqda davam etdik ki, bu da bizim nə elmimizi atırdı, nə də insanlığımızı – insafımızı və mürrüvətimizi!
Odur ki, iyirmi dörd saattın heç olmasa bir saatını oyaq qalan cəmi Azərbaycan müsəlmanlarının ürəyində şübhə qaldı ki, ayə, bəlkə bunların ardınca elə həqiqətən şəhri-Parisə yollanmaq lazımdır? Allahsız olsa da bəlkə Mirzə Fətəli cənabları elə həqiqətən də düz deyirmiş?..
Bəli, Allah-Təala həqiqətən də qüdrətli olduğu qədər də rəhmlidir. Buyurdu ki, bəlkə elə doğrudan da bunlara elə bir fürsət verim ki, gedib Parisi görsünlər?..
Kitablarda deyilir ki, Allah dedi və oldu - Dünya yarandı! İndi bunun qarşılığında beş -üç azəri müsəlmanın Parisə getməsi nə problem idi ki!
Tanrı bir tufan göndərdi ki, üç yüz illik ucsuz-bucaqsız Romanovlar səltənəti paramparça oldu və yerində çoxlu kiçik məmləkətlər bərqərar oldu ki, onlardan biri də bizim Azərbaycan Cümhuriyyəti idi.
Bu məqamda bizim çox hörmətli Əlimərdan bəy Topçubaşov başda olmaqla bir dəstə azəri müsəlmanı da durub şəhri–Parisə yollandı ki, bəs millətimizin də adını ulu millətlər siyahısına yazdırsınlar.
Bəli, getdilər və bir daha geri dönmədilər... Bir neçə ay üçün nəzərdə tutulmuş səfər əbədilik oldu.
Beləcə, azərbaycanlı türklərin şəhri - Parisdən halı olmaq, oradakı nəsnələrdən agah olmaq üçün daha bir fürsəti bu dəfə də puç oldu – gəl, indi Məstəli şahın cadusunun qüdrətinə inanma ki, görüm, necə inanmırsan! Sonrakı dövrlərdə uzun müddət bizimkilərə də cəmi keçmiş Romanov təəbələri kimi Paris haqqında düşünmək, ümumiyyətlə, yasaq oldu və bizim də Paris haqqındakı bilgimiz Hatəmxan ağanın dediyindən artıq olmadı: "O şey ki, onlarda aşikardır, biz də gizlindir”...
Amma Tanrı bizə daha bir fürsət verməyi qərara aldı – Romanovlar səltənətinin yerində qurulmuş allahsız bolşevik səltənətini yerlə-yeksan etdi və biz yenə də Cümhuriyət olduq...
Deməli, yenidən Parisi görmək, Paris əhlilə oturub-durmaq və ulu millətimizin uludan ulu adını millətlər siyahısına yazdırmaqçün daha bir fürsət qazandıq.
Amma artıq ehtiyat edirik, odur ki, cəmi keçmiş Romanov təbəələri təzədən Parisə üz tutduğu halda biz artıq tələsmirik, çünki iki dəfə cəhd elədik, alınmadı. Üçüncü dəfə alınarmı? Bax, bunu heç kim bilmir, odur ki, bu günlərdə deyiləndə ki, bəs mayın 13 - də Avropa Birliyilə bir saziş yapacağıq, ürəyim düşdü ayaqlarımın altına; fikirləşdim ki, ayə, ilin on iki ayının 365- günü arasında bir düz -əməllisi yoxmudurmu durub on üç ədədini seçək?..
Nə yaxşı ki, sonradan xarici siyasət idarəsindən xəbər gəldi ki, bəs mayın 13-də heç nə imzalanmayacaq – məsələ, deyəsən, qaldı payıza və mən də bunu eşidəndə ürəyim özümə gəldi, çünki üçüncü dəfə ilə heç bir halda zarafat etmək olmaz, əgər bu dəfə də alınmasa, onda yüzə-yüz əmin olun ki, məsələ caduluqdur və bunu Məstəli şah - filan yox, hansısa erməni keşişi yazıb, yalnız onların cadusunun belə gücü olar...
O ki qaldı mənim niyə belə bir təhkiyyə üsulu seçməyimə, qəti məndən asılı iş deyil, mövzu və bu mövzudakı yazının gedəcəyi saytdakı ümumi ruh özü mənə üslubu diqtə edir.
Həm də inanın ki, bəzi məsələlərlə ilgili elə həqiqətən də mistikaya inanmağa başlamışam: qardaş, nə məsələdirsə, bu Paris məsələsi bizdə alınmır. Həm də gül kimi Məşhədimiz, Kərbalamız, Məkkəmiz var, nə düşüb bizə qalmışıq bu Parisin intizarında? Məşədinin, kərbalayinin və ya hacının nəyi müsyödən, misterdən və herdən pisdir? Bax, sizlərdən soruşuram: axı nəyi pisdir? Niyə görə düz iki yüz ildir ki, Paris deyən kimi könlümüzün quşu pərvazlanıb qalxır havaya? Axı niyə? Bir Notr-Damları vardı, o da yandı! İndi nə istəyirsiniz? Yoxsa ki, yenə də durub deyəcəksiniz ki, məsələ caduluq-filanlıq deyil?..