Avstraliya Silahlı Qüvvələrinin komandiri Anqus Kempbell çıxış edərək 2005-2016-cı illər arasında həmin dövlətin ərazisində törədilmiş müharibə cinayətlərinə görə Əfqanıstan xalqından üzr istəyib.
Qaynarinfo xəbər verir ki, hərbi hesabat Avstraliya əsgər və zabitlərinin vəhşicəsinə adamları öldürülməsini və əsassız vəhşilik hadisələrini ortaya çıxarıb.
"Avstraliya Müdafiə Qüvvələri adından Avstraliya əsgərləri tərəfindən edilən hər hansı bir qanunsuzluğa görə Əfqanıstan xalqından səmimi və qeyd-şərtsiz üzr istəyirəm. Bu davranış, ölkələrində bizdən kömək istəyən əfqan xalqının bizə göstərdiyi güvənə qarşı dərin hörmətsizlikdir”, - Kempbell deyib.
Hesabatda 39 qətl və 2 əfqanla pis rəftar halından bəhs olunur. Səhv davranışların əksəriyyəti 2009-2013-cü illər arasında baş verib. Öldürülən əfqanların böyük əksəriyyəti hərbi əsir olub. Onları öldürməkdə 25 Avstraliya əsgəri şübhəli bilinir. Onlardan bəziləri hələ də xidmət göstərir.
Kempbell hesabatda göstərilən bütün bölmələrin ləğv ediləcəyini və həmin hərbçilərə qarşı məhkəmə qurulacağını qeyd edib.
Qeyd edək ki, Avstraliya kontingenti Əfqanıstana 2001-ci ildə gəlib. 2013-cü ilə qədər onların sayı təxminən 1,5 min nəfər olub. İndi Əfqanıstanda yerli hərbi personalın təlim və təhsili ilə məşğul olan 300 Avstraliya hərbçisi var.
Alpər