Xəbər lenti

Avstraliyada saxta peyğəmbər və arvadından ağlasızmaz əməl - Məhkəmə işi...
Dünya 15:49 23.06.2026

Avstraliyada saxta peyğəmbər və arvadından ağlasızmaz əməl - Məhkəmə işi...

Avstraliyanın paytaxtı Sidneydə keçirilən məhkəmə prosesində qapalı dini qrupun rəhbəri Uilyam Kamm və həyat yoldaşı Sandra Susan Metisonun azyaşlı qızı uzun illər ərzində məqsədli şəkildə gələcək "gəlin" roluna hazırladığı barədə ittihamlar səsləndirilib. 

Qaynarinfo-nun "The Guardian"a istinadla verdiyi məlumata görə, prokurorluğun iddiasına görə, onlar qızı gələcəkdə Kammın həyat yoldaşı və çoxsaylı uşaqlarının anası olması üçün hazırlayıblar.

İttihama görə, qapalı dini qrupun rəhbəri və həyat yoldaşı azyaşlı qızı təxminən on il ərzində "qiyamətdən sonrakı" (postapokaliptik) dünyada 45 uşaq dünyaya gətirməli olan şəxs kimi yetişdiriblər.

"Kiçik Daş" ("Little Pebble") ləqəbi ilə tanınan Uilyam Kamm Yeni Cənubi Uels ştatının cənub sahilində fəaliyyət göstərən Müqəddəs Şarbel Ordeninin rəhbəri olub.

76 yaşlı Kamm özünü papa, vizyoner və peyğəmbər hesab etdiyini bildirərək tərəfdarlarına İsa Məsih və Məryəm Anadan mesajlar aldığını söyləyib.

Kamm və 60 yaşlı həyat yoldaşı Sandra Susan Metison hazırda Sidneydəki Dauninq Mərkəzi Rayon Məhkəməsində keçirilən məhkəmə prosesində mühakimə olunurlar.

Onlar 2010-2020-ci illərdə, qızın 6-16 yaşlarında olduğu dövrdə onu birgə şəkildə hazırlamaqda ittiham olunurlar. Hər iki təqsirləndirilən şəxs ittihamları rədd edir.

Kamm əlavə olaraq azyaşlını seksual xarakterli hərəkətlərə təhrik etməkdə və nəzarət şərtlərini iki dəfə pozmaqda ittiham olunur.

Şəxsiyyətinin açıqlanması qanunla qadağan edilən qadın məhkəmədə bildirib ki, hələ uşaqlıqdan Kammın gələcək həyat yoldaşı olacağına inanırdı.

"Onun rolu bizim Allahın iradəsini yerinə yetirməyimizə kömək etmək idi", – qadın ifadəsində deyib.

Prokuror Endryu Norrinin sözlərinə görə, Kammın 12 "kraliça" adlandırdığı həyat yoldaşı və "prinsessa" adlandırdığı digər qadınlar olub.

Məhkəmədə bildirilib ki, həmin qadınlar gələcəkdə baş verəcəyi iddia edilən fəlakətlərdən sonra insan nəslinin bərpası missiyasını yerinə yetirməli idilər.

Prokurorluğun məlumatına görə, Kamm həbsdə olduğu üçün əvvəlcə qızın onunla birbaşa telefon əlaqəsi saxlamasına icazə verilməyib və danışıq zamanı kod adlardan istifadə olunub.

"Salam, əzizim. Bu gözəl missiyaya birlikdə başlamaq üçün səni görməyi səbirsizliklə gözləyirəm", – Kammın qız altı yaşında olarkən telefon danışığında dediyi bildirilir.

İttihama görə, qız yeddi yaşında olarkən Kammla gələcək "ruhani evlilik" ideyasını qəbul edib.

Metisonun ona digər oğlanlarla münasibət qurmamalı olduğunu, Kammla "evliliyini" gizli saxlamalı olduğunu və şeytanın buna mane olmağa çalışacağını dediyi bildirilir.

2013-cü ilin oktyabrında Kammın doqquz yaşlı qızdan qaçış ayaqqabılarını geyinməsini istədiyi və onu tutmaq istədiyini dediyi iddia olunur.

Həmçinin onun qızı yalnız özünə məxsus şəxs kimi görmək istədiyini bildirən ifadələr işlətdiyi qeyd olunur.

Qız bu söhbətlərdən narahat olduğunu Metisona dedikdə, ona Kammın pis niyyət daşımadığı və Allahın iradəsini yerinə yetirdiyi cavabı verilib.

İttihama görə, Kamm həbsdən çıxdıqdan sonra qızı beynəlxalq kruiz səyahətinə aparmaqla bağlı planlar da qurulub.

Kamm 2014-cü ilin noyabrında şərti azadlığa buraxılıb. Ona 17 yaşdan kiçik şəxslərlə əlaqə saxlamaq qadağan edilib. Prokurorluğun iddiasına görə, o, bu qadağanı pozaraq qızla telefon əlaqəsi saxlayıb.

2019-cu ilin dekabrında, qız 15 yaşında olarkən, Kammın ona İsa Məsihdən gəldiyi iddia olunan və gələcəkdə 45 uşaq dünyaya gətirəcəyini bildirən məktub göndərdiyi deyilir.

2020-ci ilin martında qız ordenin fəaliyyət göstərdiyi əraziyə gedib. İttihama görə, Metison ona Kammın spermasından istifadə etməklə hamilə qala biləcəyini söyləyib.

COVID-19 pandemiyası səbəbindən Kammla üzbəüz görüş planları təxirə salınıb.

Hər iki şəxs 2024-cü ildə saxlanılıb.

Qapalı dini qrupun rəhbərinin vəkili Devid Mulliqan müdafiə çıxışında bildirib ki, müştərisinin şikayətçi ilə heç vaxt fiziki təması olmayıb.

Metisonun vəkili Dev Butani isə prokurorluğun onun müdafiə etdiyi şəxsə qarşı irəli sürdüyü ittihamların əsasən Kammla bağlı ittihamların təkrarı olduğunu bildirib.

Məhkəmə prosesi davam edir.

Aydın
--> -->