Avstraliya təbiəti, iqlimi və qeyri-adi infrastruktur həlləri ilə dünyanın ən maraqlı ölkələrindən biri hesab olunur. Bu ölkəyə ilk dəfə səfər edənlərin diqqətini çəkən qəribə obyektlərdən biri də səhralıq ərazilərdə yolların kənarında quraşdırılmış iki metrlik şaquli ölçü reykalarıdır.
Qaynarinfo xəbər verir ki, Macarıstanın "Liked" nəşrinin yazdığına görə, günəş altında uzanan geniş düzənliklərdə, yüzlərlə kilometr boyunca yaşayış məntəqəsinin olmadığı ərazilərdə yerləşən bu nişanlar turistlər üçün sirli görünsə də, yerli sakinlər onları adi yol infrastrukturunun bir hissəsi hesab edirlər.
Dəyişkən iqlim və qəfil daşqınlar
Avstraliyada hava şəraiti olduqca dəyişkəndir. Bir gün ərzində səhərin sərinliyi, gündüzün güclü istisi və gecənin soyuğu müşahidə oluna bilər. Bundan əlavə, ölkədə mütəmadi olaraq qum fırtınaları və güclü küləklər baş verir.
İqlimə təsir göstərən əsas amillərdən biri Hind okeanı dipolu adlanan iqlim hadisəsidir. Bu sistem mənfi fazaya keçdikdə, xüsusilə yaz aylarında (sentyabr–noyabr) ölkənin müxtəlif bölgələrində güclü yağışlar müşahidə olunur.
İki metrlik "xətkeşlər" əslində nədir?
Əslində bu qurğular su səviyyəsini ölçən reykalardır. Dünyanın bir çox ölkəsində belə qurğular çaylarda, göllərdə və dənizlərdə suyun səviyyəsini ölçmək üçün istifadə olunur.
Lakin Avstraliyada onlar yolların daşqın riski yüksək olan hissələrində quraşdırılır.
Bunun səbəbi mövsümi daşqınlardır. Ölkənin ümumilikdə quraq iqlimə malik olmasına baxmayaraq, yağış mövsümündə, xüsusilə Viktoriya, Yeni Cənubi Uels və Tasmaniya ştatlarında çaylar məcrasından çıxaraq geniş əraziləri su altında qoyur.
Bəzən daşqınlar nəticəsində yüzlərlə ev zərər görür və iqtisadi itkilər milyardlarla Avstraliya dollarına çatır.
Sürücülər üçün həyati əhəmiyyət daşıyır
İlin böyük hissəsində quru qalan, yalnız qısa müddət ərzində su altında qalan keçidlərdə körpü və ya estakadaların tikintisi iqtisadi baxımdan məqsədəuyğun hesab edilmir.
Buna görə də yolun ən alçaq nöqtələrində və su keçidlərində ölçü reykaları quraşdırılır. Daşqın zamanı yol su altında qaldıqda, həmin nişanlar suyun dərinliyini göstərir.
Beləliklə, sürücülər qarşıdakı hissədən keçməyin təhlükəsiz olub-olmadığını özləri qiymətləndirə bilirlər.
Bəzi hallarda iri yük avtomobilləri 1,5 metr dərinliyindəki su maneələrini keçə bilir və minik avtomobillərinə kəndirlə kömək edirlər.
Şəhərlərarası avtobuslarda isə sərnişinlərdən baqajlarını aşağı yük bölməsindən çıxarıb avtobusun damına yerləşdirmələri tələb oluna bilər ki, əşyalar sudan zərər görməsin.
Daşqınların daha güclü olduğu hallarda isə suyun səviyyəsi o qədər yüksəlir ki, hətta yol nişanları və ölçü reykaları da tamamilə su altında qalır. Belə vəziyyətlərdə yollar bağlanır və bəzi ərazilərdə nəqliyyatın hərəkəti tamamilə dayandırılır.
Aydın
Şərhlər