Xəbər lenti

Azərbaycan AvroNest-dən çıxası olmadı
Siyasət09:04 29.10.2013

Azərbaycan AvroNest-dən çıxası olmadı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycanın AvroNest-dən çıxacağı ilə bağlı  Milli Məclisdə məsələ qaldırılacağı gözlənilsə də, 29 oktyabr iclasında bunun əksi baş verdi. Avropa təşkilatları tənqid olunsa da, hansısa qurumdan çıxmaqla bağlı təşəbbüslər də tənqidə məruz qaldı.
YAP-çı deputat  Mübariz Qurbanlı  9 oktyabr prezident seçkilərinin tarixdə qaldığını vurğuladı. Buna görə də həmin mövzuya qayıtmağa ehtiyac olmadığını vurğuladı.

Ardınca o, Avropa Parlamentinin qətnaməsindən təşviş keçirtməyə  ehtiyac olmadığını bildirdi. Dedi ki, Azərbaycan AvroNest-in üzvüdür və Şərq Tərəfdaşlığı ölkələri ilə  bağlı proseslərdə yer alır. “Biz bütün təşkilatların tribunasından istifadə etməliyik. Biz hansısa qurumdan çıxmaqla bağlı təklifləri qəbul edə bilmərik”.

M.Qurbanlı ad çəkmədən bəzi deputat həmkarlarını da tənqid etdi: “Bəziləri xarici siyasətlə bağlı sanki hökm verir ki, biz hansısa təşkilatdan çıxmalıyıq, yaxud hansısa təşkilata girməliyik. Bu, bizim məsələmiz deyil, prezidentin səlahiyyətinə daxildir. Biz çox ehtiyatlı olmalıyıq. AvroNestlə bağlı bəzi çağırışlar yerində deyil, bu, parlamentin səlahiyyətindədir”.

Bunu deməklə sözsüz ki, YAP-çı deputat Elxan Süleymanovun son açıqlamalarını nəzərdə tuturdu. Ancaq nədənsə E.Süleymanov özü çıxışa yazılmadı.

Spiker Oqtay Əsədov da “artıq seçkilər bitdi, kənar təşkilatların yazı-pozularını müzakirə etməyə ehtiyac görmürəm. Sizi əmin edirəm ki, bizdən başqa bu yazıları oxuyan yoxdur. Avropa Parlamentində deyirlər ki, siz bu yazılanlara fikir verməyin. Onlar fikir vermirsə, biz niyə fikir veririk?” deyə çıxış edib.

O.Əsədov dedi ki, Azərbaycan AvroNest PA-nın yaradılmasında əsas təşəbbüskarlardan biri olub. “Ancaq bu günə qədər Avropa Parlamentinin AvroNest-lə bağlı hər hansı çağırışı olmayıb. Deməli, AvroNest öz vəzifəsini yerinə yetirməyib. Amma Azərbaycan AvroNest PA-ya Azərbaycan parlamentinin qərarı ilə girib və orda qalıb-qalmamaq da parlamentin qərarı ilə ola bilər”.(musavat.com)