
Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatının F qrupunda Azərbaycan millisi növbəti görüşünü keçirib.
Qaynarinfo.Az xəbər verir ki, ilk turda Afrika çempionu Mərakeş millisini 5:0 məğlub edən Azərbaycan yığması bu dəfə Avropa çempionu İspaniya ilə qarşılaşıb. Yığmamız hesabı açan tərəf olsa da, sonda məğlub olub - 2:4. Qrupun digər görüşündə İran millisi Mərakeşi 5:3 məğlubiyyətə uğradıb.
Bu nəticələrdən sonra 6 xal toplayan 2 qat dünya və 7 qat Avropa çempionu olmuş ispanlar növbəti mərhələyə vəsiqə qazanıb. 3 xala malik Azərbaycan top fərqində qabaqladığı İranla 2 gün sonra qarşılaşacaq. Yığmamızı növbəti mərhələyə çıxmaq üçün bu matçda heç-heçə də sərf edir.
Yeri gəlmişkən, Azərbaycan – İspaniya oyunundan sonra hər iki komandanın baş məşqçisinin səsləndirdiyi fikirləri diqqətinizə çatdırırıq:
Milton Luis Ziller Junior (Azərbaycan millisinin baş məşqçisi): “Ümumilikdə yaxşı oyun oldu. Biz də yaxşı oynadıq. Amma belə qarşılaşmalarda nəticəni kiçik detallar həll edir. Bugünkü oyunun nəticəsini müəyyənləşdirən əsas amil ispanların bizə nisbətən yaradılan qol epizodlarından daha dəqiq yararlanması oldu. Biz əldə etdiyimiz şanslardan istifadə edə bilməyəndə, dərhal rəqibin ciddi təzyiqi ilə üzləşirdik”.
Venansio Lopes (İspaniya millisinin baş məşqçisi): “Maraqlı oyun alındı. Taktiki baxımdan hər iki komanda düzgün oynadı. Belə qarşılaşmalarda qapıya vurulan zərbələrdə dəqiqlik faizi yüksək olmalıdır. Qələbə qazandığımız üçün çox şadıq. Çıxışımızı pillə-pillə daha da yaxşılaşdırmalıyıq. Çünki növbəti mərhələlərdə bizi daha çətin oyunlar gözləyir”.
Qaynarinfo.Az