
Bu gün Türkiyənin Antalya şəhərində Azərbaycan millisi ilin ilk oyununa çıxacaq.
Qaynar.info xəbər verir ki, ilk rəqib dəfələlər qarşılaşdığımız Qazaxıstan millisi olacaq. Bu görüşü yerli hakimlər briqadası idarə edəcək. Baş hakim kimi Ali Palabıyık təyin olunub. Bəs, görək, bu Palabıyık kimdir?
1981-ci ildə Ankarada doğulmuş olan Palabıyık kiçik yaşlarında həvəskar şəkildə futbolda qapıçı olub. 17 yaşında futbolun daşını atıb və 2000-ci ildə hakimlik kurslarına yazılıb.
Superliqada ilk matçı 2004-cü ilin avqustun 21-də doğulduğu Ankaranın derbisində olub. Lakin "Gənclərbirliyi" ilə "Ankaraspor" arasında keçirilən bu matçda o, Bülənt Yıldırımın köməkçisi vəzifəsini yerinə yetirib. Ötən ildən isə FİFA referisidir. İdarə etdiyi 7 beynəlxalq görüşlərdən birində Bakıda olub. Belə ki, o, ötən ilin iyulun 2-də Avropa Liqasının I təsnifat mərhələsinin "Neftçi" - "Mladost" (Monteneqro) görüşündə iş başında olub və 4 sarı vərəqə göstərib: 1-i "Neftçi"yə, digər 3-ü qonaqlara. Həmin görüş 2:2 hesabı ilə başa çatıb.
Onun Türkiyədə idarə etdiyi görüşlərdən biri çox müzakirə olunub. Belə ki, ötən ilin mayında "Fənərbaxça" - "Başakşəhər" görüşündə (2:2) 4 qırmızı vərəqə göstərilib. Palabıyık bütün "qırmızı"ları "Fənərbaxça"ya göstərməklə onları meydanda 7 futbolçu ilə qoyub. Bununla da ötən mövsümün sonuna 1 tur qalmış "Fənərbaxça"nın çempionluq şanslarının üstündən xətt çəkilib. Bu üzdən "Fənər" azarkeşləri ona nifrət edir.
Qeyd edək ki, Bakı vaxtı ilə saat 19:00-da başlayacaq görüşdə onun köməkçiləri Ceyhun Səsigüzəl, Kərəm Ərsoy və Halil Umut Mələr olacaq.
Qaynar.info