
Azərbaycan millisinin sabiq futbolçusu, hazırda Rumıniyanın "Metalul" klubunda çıxış edən Elhad Nəzirinin Qaynar.info saytına müsahibəsi
- Sonuncu dəfə saytımıza açıqlamanda demişdin ki, yanvarda başqa kluba keçəcəyəm. Sözünün üstündə durdun və 3 illik fasilədən sonra Rumıniyaya yenidən qayıtdın. Bəs keçidin necə reallaşdı?
- 2013-cü ildə Rumıniyanın "Petrolul" klubuna məni aparan menecer məni ora dəvət etdi. Mən də ölkə xaricində oynamaq istəyirdim deyə, bu təkliflə razılaşdım. Rumıniyada hamı məni "Petrolul"un sabiq oyunçusu kimi tanıyır. "Petrolul" isə burda köklü klublardandır. Əslində 2 həftə olar ki, bu klubla müqavilə bağlamışam. Sadəcə cümə axşamı bu komandanın yeni oyunçularının təqdimat mərasimi oldu deyə, ora keçdiyim indi mətbuata bəlli olub.
- Müqaviləni 6 aylıq bağlamısan...
- Elədir. Burdan tramplin kimi istifadə etmək istəyirəm. Çünki bu klubun vəziyyəti də turnir cədvəlində elə də yaxşı deyil. Mövsümün sonunda II dəstəyə düşə bilər. Ona görə də 6 aylıq müqavilə bağlamaq mənə ən ideal variant idi. İnşallah, oynayıb formaya düşmək və burdan da başqa komandaya keçmək istəyirəm.
- Təqdimat mərasimindən olan fotolarda 19 nömrəli formada səni görürük. Amma 2 gün əvvəl oyuna 14 nömrəli futbolkada çıxmısan. 14 nömrəli formanı geyinən serb yarımmüdafiəçi Zoran Kopre komandadan ayrılıb?
- Yox, məsələ burasındadır ki, mənim oyun formamın nömrəsi 14-dür. Sadəcə 14 nömrəli formanın məşq üçün geyimləri mənə dar idi. Ona görə məşqlər zamanı hələ ki, 19-dan istifadə edirəm. Həm də ki 14 nömrə məşq formasını məndən qabaq Kopreyə vermişdilər. Bu elə də ciddi şey deyil.
- Reşitsa şəhəri əvvəl qaldığın Ployeştidən nə ilə fərqlənir?
- Birincisi, Ployeştinin paytax Buxarestdən yarım saat məsafəsi var. İkincisi də, orda Reşitsaya baxanda hər şey daha başqa cürdür. Demək olar ki, Ployeşti paytaxt kimidir. Ployeştidə futbolçular tamam başqa həyat yaşayır, çünki uşaqdan böyüyə hamı sənin uğurunu istəyir. Reşitsa isə balaca şəhərdir, Serbiyaya yaxindır. Amma bura oynamaq və futbolçunun formaya düşməsi üçün çox gözəl yerdir.
- Orda bazada qalırsan?
- Bütün futbolçular bazada qalır. Burda qalmaq da mənə çox sərf edir. Çünki həm günün futbolla keçir, həm boş vaxtında daha da çox çalışmağa şəraitin olur.
- Komandanın 15 xalı silinib. Səbəb nədir?
- Açığı, yeni olduğumdan, bunun səbəbini bilmirəm. Yəqin ki, sonra bu haqda komanda yoldaşlarımdan soruşacağam.
Qaynar.info