İranda 22 yaşlı Məhsa Əminin polis bölməsində ölümü ilə bağlı keçirilən etiraz askiyalarında həbs edilən Müjgan Keşavərzin həyatı təhlükədədir.
Qaynarinfo xəbər verir ki, bu barədə onun vəkili Məhəmməd Moqimi "Twitter” hesabında yazıb. Vəkil bildirib ki, Müjgan Keşavərzə qarşı korrupsiya ittihamı irəli sürülüb. Onun barəsində edam hökmü çıxarıla bilər.
Məlumat üçün deyək ki, Müjgan Keşavərz bundan əvvəl də həbs olunub. O, 23 il 6 ay azadlıqdan məhrum edilib. Lakin səhhətindəki problemləri ilə əlaqədar azadlığa buraxılıb. Növbəti həbsdə isə Müjgan Keşavərz barəsində edam hökmü çıxarılması üçün ona qarşı korrupsiya və bu kimi ağır ittihamlar irəli sürülüb.
Müjgan Keşavərz
İran hakimiyyəti fəallara qarşı bu cür sərt tədbirlər görməsinə baxmayaraq, etirazların qarşısını ala bilmir. Cənubi azərbaycanlı futbolçu Əli Kəriminin bəyanatı buna nümunə ola bilər. Futbolçu bu günlərdə bəyan edib ki, o, teokratik rejimin istefaya göndərilməsi və quruluşun dəyişdirilməsi üçün referendumda hazırda ABŞ-da yaşayan İranın sonuncu şahı Məhəmməd Rza Pəhləvinin oğlu Rza Pəhləviyə dəstək verəcək.
Əli Kərimi İrandakı etiraz aksiyalarına dəstək verən tanınmışlardandır.
İranın Sistan və Bəlucistan vilayətində isə vəziyyət daha gərgindir. İranlı fəallar deyir ki, demək olar ki, hər gün bu bölgədə həbslər həyata keçirilir. İran hakimiyyətinin bölgə əhalisinə təzyiqlərindən biri də onlara şəxsiyyət vəsiqəsi verilməməsidir. Sistan və Bəlucistanda yüzlərlə belə insanın olduğu deyilir. Bu baxımdan, yerli və beynəlxalq hüquq müdafiə təşkilatları bölgədə aparılan həbslərin statistikasını hazırlamaqda çətinlik çəkir.
Məlumatlarda bildirilir ki, heç bir sənədi olmayan insanların həbsi və onlar barəsində çıxarılan məhkəmə hökmləri qanunsuzluqla müşayiət olunur.
Bu arada Sistan və Bəlucistanın inzibati mərkəzi olan Zahedan şəhərinin sünni imam cüməsi Mövləvi Əbdül Həmid İran hakimiyyətini tənqid edib. Mövləvi Əbdül Həmid Sistan və Bəlucistanın istilik enerjisi ilə təmin olunmasında ciddi problemlər var. O qeyd edib ki, İran neft-qaz ölkəsi olmasına baxmayaraq, öz regionlarını qazla təmin etməkdə çətinlik çəkir. İmamcümə bunu hakimiyyətin səriştəsizliyi kimi dəyərləndirib.
Seyid
Şərhlər