Azərbaycanlı hüquqşünas Kamandar Nəsibov 80 ölkədən topladığı vəkil, hakim və prokuror paltarlarını ofisində sərgiləyir.
Qaynarınfo bu barədə Anadolu Agentliyinə istinadən xəbər
verir.
Hüquqşünas Nəsibov dünyanın hər yerindən topladığı kolleksiyanı muzeyə çevirdiyi iş otağında səliqə ilə qoruyur.
Amerikadan Asiyaya, Afrikadan Avropaya qədər demək olar ki, bütün qitələrin geyimlərinin yer aldığı kolleksiyada Türkiyəyə aid vəkillərin, hakimlərin və prokurorların mantiyaları da üst küncdə sərgilənir.
40 il hüquq sahəsində çalışan, 29 il hüquqşünaslıq fəaliyyəti ilə məşğul olan Nəsibov 2019-cu ildə geyim yığmağa başladığını bildirib:
"80-dən çox ölkədən 90-dan çox uniforma topladım”.
Çinə səfər edərkən ona Çin Hüquqşünaslar Bürosundan uniforma hədiyyə edildiyini və o vaxtdan bu marağı davam etdirdiyini bildirən Nəsibov deyib:
"Pandemiya mane olsa da, onları yığmağa davam edirəm”.
Uniformaların hamısının orijinal olduğunu, heç bir kənar yerdə tikilmədiyini, birbaşa mənbədən əldə etdiyini deyən N.Nəsibov "Müxtəlif ölkələrin vəkilləri, hakimləri ilə əlaqə saxlayıb, onlardan uniforma istəyirəm. Rüsumu ödəyirəm. Belə kolleksiya dünyada ilkdir. Fransada daha bir nəfər vəkil paltarları toplayır. Amma məndə ondan çoxdur, mən də onun kimi təkcə vəkil formaları deyil, həm də hakim, prokuror geyimləri yığıram", - deyib.
N.Nəsibov bildirib ki, ofisinə gələn müştərilər kolleksiyanı heyrətlə izləyirlər:
"Dünyada cəmi 4 belə kolleksiya var. Onları əldə etmək üçün il yarım çalışmışam".
M.Arıf