Xəbər lenti

“AzerRos”un rəhbəri Krımın işğalını alqışladı
Dünya14:29 29.03.2014

“AzerRos”un rəhbəri Krımın işğalını alqışladı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Rusiya Dövlət Dumasında Ədalətli Rusiya Partiyasının sədri Sergey Mironovun milli diaspor təşkilatlarının rəhbərləri ilə görüşü olub.

Virtualaz.org saytı xəbər verir ki, görüşdə Krımın Rusiyaya birləşdirilməsi və Rusiya Federasiyasında milli siyasət məsələsi müzakirə edilib.

Toplantıda Azərbaycanın baş nazirinin keçmiş I müavini Abbas Abbasovun rəhbəri olduğu Rusiya Azərbaycanlıları Milli-Mədəni Muxtariyyətinin (“AzerRos”) prezidenti Asif Məhərrəmov da iştirak edib.

S.Mironov toplantı iştirakçılarına müraciət edərək onların Krım ətrafında baş verən hadisələrə münasibətini soruşub. İlk söz alan “AzerRos”un prezidenti (Abbas Abbasov bu təşkilatın Ağsaqqallar Şurasının sədridir və əsas səlahiyyətli şəxsidir, prezident postu  təşkilatın cari fəaliyyətinə rəhbərlik üçündür-red.) Asif Məhərrəmov olub.

O, Abbas Abbasovun salamlarını dəyirmi masa iştirakçılarına çatdırıb. Krım hadisələrindən danışan Məhərrəmov deyib ki, yarımadada keçirilən referendum Rusiya prezidenti Vladimir Putinin mərd addımını dünyada qanuniləşdirdi.

“Şəxsən mən vətəndaş kimi, zabit kimi Putinlə fəxr edirəm” - deyə Məhərrəmov bildirib.

A.Məhərrəmov deyib ki, SSRİ dağılandan sonra Rusiya üzüaşağı gedəndə ABŞ və Avropa bundan məmnun idi. İndi isə Rusiya öz həmvətənlərinin maraqlarını müdafiə edəndə bu, onları qıcıqlandırır.

“Bu mürəkkəb beynəlxalq vəziyyətdə biz öz prezidentimizin siyasətini tam dəstəkləyirik” - deyə A.Məhərrəmov bildirib.

“AzerRos” prezidenti daha sonra Qarabağ məsələsi haqda danışıb: “Biz Qarabağ məsələsi ilə bağlı üzləşdiyimiz vəziyyəti normal qəbul edə bilmərik”.

Məhərrəmov Vladimir Jirinovskinin Azərbaycan xalqını təhqir etməsini də xatırladıb və belə davranışların yolverilməzliyini bildirib, deyib ki, “AzerRos” Jirinovskini bu çıxışına görə məhkəməyə verib.

Çıxışının sonunda A.Məhərrəmov “AzerRos”un adından Rusiya prezidentinin Krıma dair siyasətinə tam dəstək ifadə edib: “Krım bizimdir, Sevastopol bizimdir. İndi Krıma kömək etmək lazımdır ki, doğma evinə qayıtdıqdan sonra güzəranını düzəltsin”.

Rusiyadakı digər Azərbaycan diaspor təşkilatının - Ümumrusiya Azərbaycan Konqresinin keçmiş icraçı direktoru, Azərbaycanın BMT-dəki keçmiş səfiri Eldar Quliyev isə daha təmkinli və balanslı danışıb. O deyib ki, BMT-də işləyəndə ABŞ başda olmaqla Qərbin Rusiyada millətlərarası münasibətlər məsələsi üzərində necə ciddi işlədiyinin şahidi olub.

“Mən “hörmətli” madam Olbraytla görüşməli oldum. O, müstəqil ölkənin səfirinə, mənə deyirdi ki, əgər Rusiyadan uzaq dursanız, gələcəyiniz olacaq” - deyə E.Quliyev bildirib.

E.Quliyev Amerika və Avropanın Krımla bağlı Rusiyanı nüfuzdan salmaq üçün genişmiqyaslı iş apardıqlarını deyib.

“Onların bütün keçmiş sovet respublikalarında KİV-ləri, politoloqları var. İndi onlar şayiələr yayırlar ki, Rusiyanın növbəti qurbanı bizim ölkə olacaq. Təəssüf ki, Rusiya rəsmilərindən heç kim bu barədə heç bir bəyanat vermir. Rusiya rəsmiləri keçmiş sovet respublikalarının ictimaiyyətlərini sakitləşdirməlidir ki, onlara münasibətdə hansısa planı yoxdur” - deyə keçmiş səfir bildirib. 

Qaynar.info