Həftələrlə mühasirədə olan Azovstal polad zavodunun zirzəmisində qalan ukraynalı döyüşçülər Rusiyanın nəzarətində olan ərazilərə təxliyə edildikdən sonra onlardan heç bir xəbər yoxdur.
Qaynarinfo "Euractiv” saytına istinadla xəbər verir ki, bu barədə döyüşçülərin yaxınları
bildirib.
Rusiya qüvvələrinin Ukraynanın cənubundakı zavoda və yaxınlıqdakı Mariupol şəhərinə zərbələr endirməsi nəticəsində mayın ortalarında Rusiya nəzarətinə götürülən, əksəriyyəti Azov batalyonundan olan yüzlərlə döyüşçünün taleyi qeyri-müəyyən olaraq qalır.
Qohumlar, qadınlar, döyüşçülərə hərbi əsirlərlə bağlı Cenevrə Konvensiyasına uyğun davranılmasını təmin etmək üçün Qadınlar və Analar Şurası yaratdıqlarını deyiblər.
Dəniz komandiri Sergey Horkonun bacısı Tatyana Horko mətbuat konfransında deyib:
"Hər şeyi daha da pisləşdirməmək üçün bizdən susmağımız istənilib. Ancaq Azovstal qəhrəmanlarının tarixçəsinin bitdiyini düşünmək olmaz. Onların dəstəyə ehtiyacı var, onları evə qaytarmaq lazımdır".
Qohumlar saxlanılan döyüşçülərin taleyi ilə bağlı məlumatsızdırlar.
"Onlar haradadır, onlarla necə rəftar edirlər, hansı vəziyyətdədirlər, biz bilmirik", - Azov alay komandirinin birinci müavini Boqdan Kroteviçin bacısı Sandra Kroteviç deyib.
Rusiya Azov döyüşçülərini dəyişmək istəmir. Bəzi rusiyalı siyasətçilər 2014-cü ildə Ukrayna Milli Qvardiyasına qatılmazdan əvvəl sağçı milislərin bir hissəsi olan Azov döyüşçülərinin mühakimə olunmasını təklif ediblər.
Nurlan Hüseynov