İdman 16:24 25.05.2023

Bağırov oyun alğı-satqısına görə cəzalandırılan futbolçusundan danışdı

AFFA-nın İntizam Komitəsinin son iclasında 6 futbolçunun oyun alğı-satqısına görə futboldan uzaqalşdırılması haqqında qərar çıxarıldı. Həmin futbolçulardan biri də "Araz Naxçıvan”ın qapıçısı Fərman Bayramov oldu. Qərara əsasən MOİK-də oynadığı vaxt danışılmış oyunlar barədə məlumatı olub, müvafiq orqanlara bildirmədiyinə görə 1 il 6 ayı şərti olmaqla 2 il müddətinə futbolla əlaqədar hər hansı fəaliyyətinə qadağa qoyuldu. 

Həm bununla, həm də komandasının durumu ilə əlaqədar "Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov fikirlərini bildirib. O, Qaynarinfo-ya açıqlamasında Fərmanı qış fasiləsində transfer etdiklərini deyib:

"Biz onu qışda transfer etmişdik. Əsas qapıçımız Vüsal qırmızı vərəqə almışdı, növbəti turu buraxacaqdı. Heyətdən gedən digər qapıçımızın yerinə alternativ olaraq kimisə tapmalı idik. Fərman MOİK-dən ayrılmışdı, boş idi. Bu səbəbdən onu komandaya götürdük. Klubumuza AFFA tərəfindən oyunlarımızla bağlı bir dənə də olsun şikayət gəlməyib. Fərmala bağlı hallar da yəqin ki, MOİK-də oynadığı vaxt yaşanıb. Yəqin ki, kimlərsə oyun alğı-satqısı edib, onun da xəbəri olub, amma heç kimə deməyib. Fikrimcə, bunun "Araz Naxçıvan”a heç bir aidiyyatı yoxdur. Fərmanı götürərkən, onun haqqında heç bir rəsmi qərar, şikayət də yox idi. Belədə həmin insanı necə günahlandıra bilərəm? Onunla altıaylıq müqavilə bağlamışdıq. Qış fasiləsindən bəri nəsə baş veribsə, buna məşqçi kimi cavabdeh ola bilərəm. Amma qışdan əvvəl olubsa, bizim günahımız yoxdur”.

Bağırov "Araz Naxçıvan”ın Premyer Liqaya hazırlığı haqda da danışıb:

"Heyətdə dəyişikliklər qaçılmazdır. Əsas qapıçımız Vüsalı saxlayacağam. Digər dəyişikliklərə gəlincə, Premyer Liqada iştirakımızla bağlı rəsmi şəkildə qərar verildikdən sonra həyata keçirəcəyik. Hazırlıqlar üçün Boluya getməyi fikirləşirik. Sloveniya variantı da var. İstənilən halda xaricə getməyi planlaşdırmışıq. Çox güman, fasilə dönəmində Azərbaycanda heç bir klub qalmayacaq. Hamısı hazırlığa gedəcək. Bizim də burada qalmağımız absurd olar. Transferlərlə bağlı işlər görürük, amma heç kimlə danışıq aparmırıq. İcraiyyə Komitəsinin iclasından sonra tam qərar verəcəyik”.

Mütəxəssis "Araz Naxçıvan”ın Premyer Liqaya buraxılacağına inandığını da bildirib:

"İnanıram ki, buraxılacağıq. Çünki bu gün heç bir problemimiz yoxdur. Hətta qapıçımız Fərmanın məsələsi çıxsa belə. Çünki nə baş veribsə, digər klubun heyətində olub. Biz sırf klubumuzdakı nöqsana cavabdehik”.

Məşqçi stadiona yeni meydança salınacağını da söyləyib:

"Stadionumuzda meydanmçanın ot örtüyü dəyişdiriləcək. Süni örtük salınacaq. Bu da iki ay müddətinə təhvil verilir. Tribunalar yaxşı vəziyyətdədir. Hətta bir çox stadionlardan daha yaxşıdır. 11800 yerlik stadionumuz var. Yalnız ot örtüyü dəyişdirilməli, projektor və qonaqlar üçün VİP lojalar quraşdırılmalıdır. Gediş-gəliş də klublar üçün çətin olmayacaq. Bakıdan Naxçıvana getmək, Tovuza getməkdən daha tez və komfortlu şəraitdə olur. Məncə, Bakı komandalarının oyun günü Naxçıvana gəlməsi rahatdır. Məsələn, "Səbail” Zirəyə 1 saatdan çox vaxta gedib çatır. Amma Naxçıvana hava limanından cəmi 45-50 dəqiqəlik yol var”.

Səbuhi Həsənov