Xəbər lenti

Bakı və İrəvan danışıqlarına kim mane olur? (ŞƏRH)
Siyasət 16:24 11.01.2025

Bakı və İrəvan danışıqlarına kim mane olur? (ŞƏRH)

"Bakı və İrəvan arasında vasitəçilərsiz danışıqlar Ermənistan xarici güclərdən asılılıqdan xilas olduqda mümkün olacaq".

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Azərbaycanla Ermənistan arasında vasitəçisiz danışıqların hansı halda mümkün ola biləcəyi sualına cavabında deyib.

Əlimusa İbrahimov bildirib ki, Bakı ilə İrəvan arasında vasitəçilərsiz danışıqlar Azərbaycanın istədiyi və nail olmağa çalışdığı əsas məsələdir:

"Azərbaycan I Qarabağ müharibəsindən və 44 günlük qələbəmizdən sonra vasitəçilərsiz və birbaşa danışıqlar üçün ciddi səy göstərir. Bu təşəbbüslər torpaqlarımız işğal altında olan zaman münaqişənin həll olunmasına guya yardım göstərən qüvvələr tərəfindən qəbul olunmur və Ermənistan tərəfindən də dəstəklənmirdi. Böyük güclər danışıqlar prosesini öz gündəlikləri çərçivəsində aparır, öz maraqlarını müdafiə edirdilər. Onların maraqları İrəvanın mənafeyinə xidmət etdiyindən və zəif mövqeyə malik olduğundan Ermənistan da onların arxasınca sürünürdü".
 


Ekspert qeyd edir ki, 44 günlük müharibə və antiterror əməliyyatlarından sonra vəziyyət dəyişsə də Ermənistanın xarici güclərdən asılılığı əvvəlki tək davam edir:

"Xarici dəstəkçilər İrəvana müxtəlif platformalar təklif etməklə onu Bakı ilə vasitəçilərsiz danışıqlara getməkdən çəkindirir. 30 il bundan əvvəlki şərait Ermənistan üçün sanki dəyişməyib. Onun xarici qüvvələrdən asılılığı, mövqeyinin daha da zəifləməsi göz önündədir. O yenə də sürünməkdə davam edir. Azərbaycan isə hər keçən gün daha ciddi şəkildə vasitəçilərsiz danışıqlarda israr edir. Ermənistan sonda vasitəçilərsiz danışıqlara razı olacaqmı? İndilikdə bu məlum deyil. Amma indiki vəziyyətin sonda onun üçün yenə də faciə ilə nəticələnəcəyini görməmək mümkün deyil. İrəvan nə qədər tez xaricdəki dəstəkçilərinin məsləhətlərindən əl çəkib Azərbaycanla birbaşa danışıqlara getsə, bu onun üçün yaxşı olacaq".

Qeyd edək ki, Azərbaycanla Ermənistan arasında aparılan danışıqlarda bir qayda olaraq bir sıra aparıcı xarici dövlətlər vasitəçi qismində iştirakda maraqlıdır. Bu xüsusda əsasən də ABŞ, Avropa İttifaqı və Rusiya fərqlənir. Lakin məlumdur ki, bu fonda aparılan danışıqlarda adətən vasitəçilər də bu və ya digər dərəcədə öz maraqlarının təmin olunmasına da çalışırlar. Bu isə onlara istədiyi vaxt bölgə ölkələrinə təsir etmək imkanı verir. Belə bir şəraitdə əldə edilən sülhün möhkəmliyi də istər-istəməz şübhə altına alınır. Çünki vasitəçi sülhdən sonra öz marağına toxunan hansısa bir hal baş verdikdə birmənalı şəkildə yenidən gərginliyin alovlanmasında maraqlı olacaq. Bu mənada problemdən ən əlverişli çıxış vasitəsi vasitəçilər olmadan tərəflərin öz aralarında sülhə nail olmasıdır. Azərbaycan məhz bunda maraqlıdır. Ermənistan isə digər məsələlərdə olduğu kimi, bu məsələdə də gah mıxa, gah da nala vurmaqla məşğuldur. Bu da göstərir ki, İrəvan vasitəçilərsiz danışıqlarda o qədər də maraqlı görünmür. 
 
Bu arada, Ermənistanın baş nazirinin mətbuat katibi Nazeli Bağdasaryan bildirib ki, İrəvan Minsk Qrupunun ləğvi məsələsində ATƏT-ə müraciət etməyi düşünür. "Ermənistan Minsk Qrupunun ləğvi ilə bağlı ATƏT-ə müraciət etmə ehtimalını nəzərdən keçirir", deyə Nazeli Bağdasaryanın sözlərinə görə, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyır və bunu sülh sazişi imzalamaqla təsdiqləməyə hazırdır.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->