Dünya 21:54 06.09.2022

Başqa ölkəyə köçən belaruslarla bağlı Lukaşenkodan sərt qərar

Belarus hakimiyyəti ölkəni tərk etmiş, başqa dövlətdə yaşamaq icazəsi və ya Polşa kökləri olan şəxsə verilən "polyak kartı” (artıq Belarusun 140 min vətəndaşı bu kartı alıb) almış belarusları vətəndaşlıqdan məhrum etmək niyyətindədir.

Qaynarinfo Belarus prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, çərşənbə axşamı, sentyabrın 6-da prezident Aleksandr Lukaşenkonun iştirakı ilə vətəndaşlıq haqqında qanunvericiliyin dəyişdirilməsi mövzusunda müşavirə keçirilib.

Görüş zamanı Lukaşenko toplanan məmurları xaricə gedənlərin və "dövlət və xalqın ziyanına hərəkət edərək cinayət törədənlərin” Belarus pasportundan məhrum edilməsi məsələsi ilə məşğul olmağa çağırıb. 

"Onların hər biri bizə məlumdur. Biz onları tanıyırıq. Bu insanlar öz vətənlərindən qaçıblarsa və faktiki olaraq Belarusla əlaqələri kəsiblərsə, Belarusun vətəndaşı olaraq qalmağa layiqdirlərmi?” - deyə prezident bildirib.

Onun fikrincə, başqa dövlətdə yaşamaq hüququ verən "polyak kartı” və digər sənədləri almış Belarus vətəndaşlarına dair tələbləri də müzakirə etmək lazımdır.

"Biz bunu araşdırmalıyıq: ya onlar Belarus vətəndaşıdır, ya da ki, sadəcə "başlarını itirib” guya bu kartı təsadüfən götürüblər, ya da onların "oriyentasiyası” fərqlidir”, - o deyib.

Buna cavab olaraq, Belarus Daxili İşlər Nazirliyinin rəhbəri İvan Kubrakov ikinci vətəndaşlığı olan belarusların hüquq və azadlıqlarının məhdudlaşdırılmasını və "polyak kartı” və ya yaşamaq icazəsi aldıqdan sonra bu barədə hakimiyyət orqanlarına məlumat verməyə məcbur edilməsini təklif edib. 

"Belə məlumatlar dövlət xidmətinə müraciət edərkən istifadə edilə bilər. Həmçinin cinayət-prosessual qanunvericilik, sosial-hüquqi sferada”, - BELTA onun sözlərindən sitat gətirir.

Belarusda artıq xaricə gedənlərə, o cümlədən işləmək və təhsil almaq məqsədilə gedənlərə müəyyən məhdudiyyətlər var. Onlar üçün kommunal xidmətlər üzrə güzəştlər ləğv edilib, dövlət qadınlara xaricdə olarkən uşaq müavinəti, yaşlılara isə pensiya ödəmir.

Nizami Bağırov