ABŞ Senatı əlavə maliyyələşdirmə üçün ikipartiyalı qanun layihəsini təqdim edib.
Qaynarinfo Reuters-ə istinadən xəbər verir ki, qanun layihəsi Ukraynaya, İsrailə yardım və ABŞ-ın cənub sərhədini möhkəmləndirmək üçün vəsaitin ayrılmasını
birləşdirir.
Ümumi məbləğ 118 milyard dollardır. Prezident Co Bayden sənədi dəstəkləyib. Nümayəndələr Palatasının spikeri Mayk Conson aşağı palatanın təşəbbüsü təsdiq etməyəcəyinə söz verib.
Qanun layihəsinə aşağıdakılar daxildir:
ABŞ sərhədlərinin mühafizəsi - 20,23 milyard dollar;
Ukraynaya yardım - 60,06 milyard dollar;
İsrailə yardım - 14,1 milyard dollar;
ABŞ-ın Hind-Sakit okean regionunda "Çinin təcavüzü” ilə üzləşmiş tərəfdaşlarına yardım — 4,83 milyard dollar;
ABŞ-ın Qırmızı dənizdə husilərə qarşı missiyasına dəstək - 2,44 milyard dollar;
Qəzza zolağı, İordan çayının qərb sahili və Ukrayna sakinlərinə humanitar yardım - 10 milyard dollar.
Senatda respublikaçı azlığın lideri Mitç Makkonnel respublikaçıların daha yaxşı razılaşma əldə edə bilməyəcəyini söyləyib.
Senatda demokrat çoxluğun lideri Çak Şumer bildirib ki, qanun layihəsindəki prioritetlər o qədər vacibdir ki, "siyasət bunların qarşısını ala bilməməlidir”. "Birləşmiş Ştatlar və müttəfiqləri demokratiyanı sarsıtmağa və bütün dünyada avtoritar təsirini genişləndirməyə çalışan rəqiblərin çoxsaylı, mürəkkəb və bəzən əlaqələndirilmiş çağırışları ilə üzləşirlər”, - bəyanatda deyilir.
Co Bayden qanun layihəsi ilə bağlı açıqlamasında respublikaçıların nəzarətində olan Nümayəndələr Palatasına müraciət edib. O, "problemi həll etmək istəyirlər, yoxsa sərhəd məsələsində siyasət oynamağa davam edirlər” sualını verib. "Mən Konqresi bir araya gəlməyə və bu ikipartiyalı razılaşmanı tez bir zamanda qəbul etməyə çağırıram. Qoy mənim stolumun üstünə gəlsin və onu dərhal imzalaya bilim”.
Xatırladaq ki, Prezident Co Bayden 2023-cü ilin payızında Konqresə 106 milyard dollarlıq əlavə maliyyə layihəsi təklif edib. Paketə Ukrayna, İsrail, Tayvana yardım, eləcə də cənub sərhədinin möhkəmləndirilməsi üçün vəsait daxildir. Sənəd Konqresdə razılaşdırıla bilməyib. Bu baxımdan Vaşinqtonun Kiyevə yardım üçün vəsaiti tükənib.
Nizami Bağırov