Xəbər lenti

Bayden Zelenskiyə Rusiya dərinliyinə zərbələr endirməyə razılıq verəcəkmi? (ŞƏRH)
Dünya 14:20 25.09.2024

Bayden Zelenskiyə Rusiya dərinliyinə zərbələr endirməyə razılıq verəcəkmi? (ŞƏRH)

"Bayden Zelenskiyə Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməyə razılıq verəcək. Hər şey ona doğru gedir".

Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Arif Əliyev Ukrayna prezidenti Volodimir Zelenski ilə görüş zamanı ABŞ prezidenti Co Baydenin Kiyevə Rusiyanın dərinliklərinə zərbə endirməyə razılıq verib-verməyəcəyi məsələsinə toxunarkən deyib.

"Razılıq verilməsinin uzadılmasının Amerikadakı seçkilərin necə qurtaracağı ilə bağlı proqnozlara da dəxli var. Bəllidir ki, orada dəyişiklik olsa, qərar da dəyişə bilər. Bayden tək öz sözünün deyil, həm də Amerika prezidentinin sözünün çəkisini dərk edir. Eyni zamanda, müxtəlif kanallarla gedən danışıqların da ABŞ-ın Kiyevə Rusiyanın dərinliklərinə zərbələr endirməsinə razılıq verməsinə təsiri var. Düşünürəm ki, daha çox meyil Qərb silahlarının Rusiyanın dərinliklərində istifadəsinə icazə verməkdən ibarətdir", deyə Arif Əliyev bildirib.

Ekspert qeyd edir ki, məsələnin aktuallaşması da ilk növbədə bununla bağlıdır:

"Xüsusilə Kursk əməliyyatından sonra".
 

 
Həmsöhbətimiz düşünür ki, Rusiyanın dərinliklərinə zərbələrə razılıq verilməsi müharibənin gedişini dəyişə bilər:

"Döyüş meydanında fəaliyyət hələ davam edəcək. Onun sonu görünmür. Gündə bir və ya yarım kilometr irəliləməklə nə Rusiya, nə də Ukrayna müharibəni tezliklə bitirə biləcəklər". 

Ekspertin fikrincə, indiki mərhələdə yerli əhalinin müharibəyə münasibəti vacib əhəmiyyət kəsb edir:

"Rusiya çox çalışırdı ki, bombardmanlarla, infrastrukturu məhv etməklə Ukrayna xalqının ruhunu sındırsın. Eynilə Zelenskinin də çalışdığı odur ki, müxtəlif vasitələrlə rus əhalisini də müharibədən bezdirsin, qorxutsun, Putinə olan ictimai dəstəyi zəiflətsin. Odur ki, Rusiyanın dərinliklərinə zərbələr endirilməsinə Kiyevə icazə verilməsi ən azından yuxarıda qeyd etdiyim nəticəni verə bilər”. 

Qeyd edək ki, sentyabrın 26-da Amerikada olan Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Co Baydenlə görüşəcək. Görüşdə əsas müzakirə mövzusu Ukraynanın "qələbə planı" və bu əsasda Kiyevə Qərb silahları ilə Rusiyanın dərinliklərinə zərbələr endirməyə razılıq verməsi məsələsi olacaq. 

Amma "The Washington Post"un yazdığına görə, Ağ Ev və Pentaqon rəsmiləri Ukrayna liderlərinin Rusiya hədəflərinin uzaqmənzilli raketlərlə hədəfə alınmasının müharibənin gedişinə əhəmiyyətli təsir göstərəcəyinə dair inandırıcı arqumentlər irəli sürmədiklərini bildiriblər”. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->