ABŞ prezidenti Co Bayden gizli şəkildə ABŞ hökumətinə Rusiyanın Ukraynadakı hərbi cinayətləri ilə bağlı məlumatları Haaqa Beynəlxalq Cinayət Məhkəməsi ilə bölüşməyi tapşırıb.
Bu barədə Qaynarinfo ABŞ-ın "New York Times” nəşrinə istinadən xəbər
verir.
Baydenin gizli tapşırığı ABŞ mediasına məsələdən xəbəri olan rəsmilərdən məlum olub. Rəsmilər hesab edirlər ki, Amerika prezidentinin belə bir addımı ABŞ-ın siyasətində ciddi dəyişiklikdən xəbər verir.
Rəsmilər izah edirlər ki, Baydenin qərarı, belə bir hərəkətin ABŞ ordusunun təqib edilməsinə imkan verəcək presedent yarada biləcəyindən qorxan Pentaqonun aylarla davam edən müqavimətinin üstündən xətt çəkib.
NYT-nin məlumatına görə, ABŞ Rusiya rəsmilərinin Ukraynada mülki infrastruktura qəsdən zərbələr endirmək, eləcə də ukraynalı uşaqları işğal olunmuş ərazilərdən zorla deportasiya etmək qərarına dair məlumatlara malikdir.
NYT qeyd edir ki, ABŞ tərəfi bəzi məlumatlarla artıq Ukrayna prokurorları ilə bölüşüb, lakin Haaqa məhkəməsinə verməyib.
Nizami Bağırov