Hüseynbala Səlimov
"Biz daha dünyanın ən müxtəlif yerlərində bizə sərf etməyən hakimiyyətləri dəyişməklə məşğul olmayacağıq” - başa düşmək elə də çətin deyil ki, həmin rejimlərin təmsilçiləri prezident Donald Trampın bu bəyanatını hansı yüngüllüklə, necə məmnuniyyətlə qarşılamışdılar.
D.Tramp sözünün üstündə durdu. Yaddaşımız aldatmırsa, Ermənistandakı "məxməri inqilabı” çıxmaq şərtilə, onun hakimiyyəti dövründə başqa bir yerdə "rəngli inqilablar” haqqında eşitmədik.
Üstəgəl, bu illər ərzində təkcə siyasətçilər yox, hətta siyasi müşahidəçilər tərəfindən ABŞ-ın İrəvanda baş verən prosseslərə hər hansı müdaxiləsinin olmasıyla bağlı bircə işarə də olmayıb.
Amma necə olsa da, Trampın hakimiyyət illəri artıq arxada qalıb. Onun əvəzində hakimiyyətə yeni adam gəlib, hansı ki, ilk olaraq Donald Trampın siyasi mirasını təftiş etməyə başlayıb. İndi daha Trampın bəyanatlarına müraciət etməyin vaxtı deyil, bunun əvəzində gözləmək lazımdır ki, görək, bu xüsusda yeni prezident Co Bayden nə deyəcək?
Hələ ki prezident Bayden bu xüsusda – sərt, "izqoy” rejimlərlə bağlı ətraflı bir konsepsiya ilə çıxış etməyib. Amma hiss olunur ki, Vaşinqtonun onlarla dostluq etmək planları da yoxdur. Ona görə də ABŞ, məsələn, Şimali Koreya lideri Kim Çen Inla danışıqları imitasiya etməyi düşünmür.
Tehrana da böyük xəyallara qapılmaq tövsiyə olunmur, hərçənd, Bayden bir neçə dəfə bəyan edib ki, bu ölkəyə qarşı sanksiya rejimini zəiflətmək fikrindədir. Rusiyaya gəldikdə, prezidentlərin görüşü diplomatik müstəvidəki gərginliyi nisbətən aradan qaldırdı, amma bu dialoqun dərinləşəcəyi və davam edəcəyi ilə bağlı ümidlər elə də böyük deyil...
Burada qeyd edək ki, ABŞ-ın "Dünya hakimi” və ya "Dünya polisi” rolu ilə bağlı böyük mübahisələr var.
Opponentlər bununla razılaşmır ki, ABŞ öz üzərinə qeyri-qanuni imtiyazlar və öhdəliklər götürür. Onların fikrincə, dünyanı beynəlxalq hüquq, BMT və s. idarə etməlidir.
Amma belə rejimlərin liderləri nədənsə öz vətəndaşlarına münasibətdə bu haqda heç düşünmürlər də. Absolyutizm, qanunsuzluq və volyuntarizm – onların daxili siyasətdə stili budur. Onların çoxu tez-tez dünyadakı "ikili standartlar”dan gileylənirlər.
Əlbəttə, belələri qismən haqlıdır, amma bircə şərtlə ki, gərək, özləri bir suala cavab versinlər: öz vətəndaşlarına münasibətdə onların özlərinin hər hansı standartı varmı?..
Müasir dünya çox mürəkkəbdir. Burada çox vaxt maraqlar hüquq və ədalət kimi kateqoriyaları üstələyir. Amma yenə də elə nümunələr var ki, onlara hər hansı məntiqi zəmin tapmaq çətindir. Məsələn, Belarusu götürək. 21-ci əsrin nöqteyi-nəzərindən Avropanın az qala mərkəzində bu cür rejimin olmasını necə izah edəsən? Necə izah edəsən ki, bir ölkə otuz ildən çoxdur ki, bir nəfər tərəfindən idarə olunur? Necə izah edəsən ki, Avropa dəyərləri belaruslardan başqa hamını qane edir?
Məsələ heç də Avropa İttifaqında deyil. İngiltərə, məsələn, bu qurumu tərk etdi, amma bazar iqtisadiyyatından, demokratiyadan imtina etmədi, taleyini birdəfəlik hansısa sovxoz direktoruna həvalə etmədi! Odur ki, biz bilmirik, Baydenin "qara siyahısı” var, ya yox, əgər varsa, onun ilk cərgəsində Belarusun adını yazmaq lazım gələrdi...
Bu, həm də Rusiyanın axmaq imperiya ambisiyalarına layiqli zərbə demək olardı. Ukrayna artıq Rusiyanın nəzarətindən çıxıb. Amma Kreml bundan adekvat nəticələr çıxarmadı, hərçənd, bu fakt bir daha göstərir ki, hətta slavyan xalqları Moskvanın "ustanovka”ları ilə yaşamaq niyyətində deyil.
Belə bir tendensiya özünü Belarusda da göstərir. Onu Rusiyanın orbitində yalnız Lukaşenkonun maraqları saxlayır, hansını ki, Rusiyanın öz demokratları, ümumiyyətlə, cəmi mütərəqqi insanlar "Belarusbaşı” deyə çağırırlar...