ABŞ Prezidenti Co Bayden NYT-yə köşə yazısında yenə də Kiyevə vəd verərək bildirib ki, Vaşinqton Ukraynanı daha təkmil raket sistemləri və döyüş sursatları ilə təmin edəcək.
Xatırladaq ki, mayın 9-da Bayden Ukraynaya "lend-liz” əsasında 40 milyard dollarlıq yardımı nəzərdə tutan qanunu imzalayıb. Birləşmiş Ştatların yardımına baxmayaraq, hazırda Ukrayna cəbhəsində vəziyyət Rusiyanın xeyrinə işləyir. Rusiya ordusu Ukraynanın şərqində çətinliklə də olsa irəliləyir. Təzyiqlərə baxmayaraq, Kreml işğalçılıq siyasətini davam etdirir. Severodonetsk şəhərinin üçdə ikisini işğal edən rus ordusu geri çəkilmək fikrində deyil. Kiyev rəsmiləri də vəziyyətin acınacaqlı olduğunu etiraf edirlər. Baydenin vədinə baxmayaraq, Ukrayna dağılmış durumdadır.
Belə vəziyyət nə vaxta qədər davam edə bilər?
Qaynarinfo-ya açıqlamasında siyasi icmalçı Fərhad Məmmədov bildirib ki, Qərbdən alacağı silahlarla Kiyev müharibədə dönüş yarada biləcək:
”Bu silahlar uzaq mənzilli, 40-50 km-lik məsafədə hədəfi vuran qaubitsalar və 100-300 km-dən zərbə endirmək gücündə olan reaktiv raket sistemləridir. ABŞ təhlilçiləri əmindirlər ki, sözügedən silahlar Kiyevə imkan verəcək ki, Rusiya ərazisinə zərbələr endirsin. Bu baxımdan, Vaşinqton nüvəbaşlıqlı raketləri Kiyevə verməyə ehtiyyat edir. Qərb nüvə müharibəsinin başlana biləcəyini düşünür. Lakin Zelenski zəmanət verib ki, belə silahlar verilsə, ondan Rusiya ərazisinə qarşı istifadə edilməyəcək ”.
Həmsöhbətimiz əmindir ki, Ağ Ev sözügedən silah növlərini Ukraynaya verəcək:
"ABŞ-ın informasiya strategiyası ondan ibarətdir ki, onlar hər hansı bir silahın verilməsini bəyan edir, Rusiya buna qarşı çıxır, nüvə silahı ilə təhdid edir, amma nəticədə həmin silahların Ukraynaya verilməsi təmin edilir. Bu məntiqlə indiki müzakirələr sadəcə Rusiyanı hazırlamaq məqsədi güdür”.
Ekspert qeyd edir ki, daha təkmil raket sistemləri və döyüş sursatının verilməsilə Ukrayna indiyə kimi vurmaq imkanı olmadığı yerlərə də zərbələr endirə biləcək:"Bunun nəticəsində Rusiya daha ciddi itkilərə məruz qalacaq. Bu isə müharibənin gedişatında tamamilə fərqli vəziyyət yaradacaq”.
Rüfət Sultan