Dünya 13:25 14.08.2022

Bazar günü qorxuları: Onlar nədir və onlarla necə mübarizə aparmaq olar?

İolanta Börk
İrlandiya Kral cərrahlar kollecinin Pozitiv psixologiya və sağlamlıq mərkəzinin baş müəllimi

Özümüzü ən bədbəxt hiss etdiyimiz gün - həftənin bazar günüdür.

Biz tez-tez bazar günündən dostlarla ünsiyyətdə olmaq, yatmaq və ya əvvəlki gecənin yeyib-içməyindən özümüzə gəlmək üçün bir fürsət kimi istifadə edirik. Ancaq bazar günü axşam yaxınlaşdıqca, bir çox insanlar "bazar günü qorxuları" adlandırılan güclü narahatlıq və hətta dəhşət hissi keçirir.

Təəccüblü deyil ki, "bazar günü qorxuları" belə çox yayılıb. Axı araşdırmalara görə, özümüzü ən bədbəxt hiss etdiyimiz gün məhz həftənin bazar günüdür (ən xoşbəxt gün isə şənbə günüdür). "Bazar günü qorxuları” müxtəlif səbəblərdən yaranır və bunda həftə sonu etdikləriniz böyük rol oynaya bilər.

Məsələn, bütün həftə sonu monitorun qarşısında oturmaq ən yaxşı fikir deyil, hətta əyləncə məqsədi ilə də olsa belə. Məsələ burasındadır ki, araşdırmalara görə, kompüter arxasında çox vaxt keçirən insanlarda, ümumiyyətlə, narahatlıq daha yüksək olur. Alkoqol və narkotik maddələrdən sui-istifadə də ertəsi gün əhval-ruhiyyənin kəskin aşağı düşməsinə və narahatlığın artmasına səbəb ola bilər. Beləliklə, şənbə gecəsi bir məclisdə əylənmisinizsə, bu, bazar günü günortadan sonra depressiyaya və ya narahat olmanıza səbəb ola bilər.

Bir çox insanlar üçün "bazar günü qorxusu” cümə günündən qalan tamamlanmamış işdən də yarana bilər. Bazar ertəsinin yaxınlaşmasını gözləmək, tamamlanacaq tapşırıqlar haqqında düşüncələr və cavab gözləyən məktublar narahatlıq yarada bilər. Ancaq həftə sonları işləmək də seçim deyil, bu, psixi sağlamlığınıza mənfi təsir göstərə bilər.

"Bazar günü qorxuları”nın başqa bir səbəbi həftəsonu ünsiyyətin həddindən artıq olmasıdır. Bu, xüsusilə həftə ərzində çox işləyənlər və ya tək yaşayıb həftə sonunu ünsiyyət üçün ayıranlara aid ola bilər. Amma kampaniya əhatəsində keçirilən asudə vaxt nə qədər xoş olsa da, əlavə stress mənbəyinə çevrilə bilər. Məsələn, narahatlıqlarını bizimlə paylaşan dostlarla empatiya quraraq, biz də stress yaşaya bilərik.

"Bazar günü qorxuları”na meyllisinizsə, onlarla mübarizə aparmaq üçün edə biləcəyiniz bir neçə şey var.

1. İşləri bitirin

Bazar günü qorxularından qurtulmağın ən etibarlı yollarından biri ilk növbədə onların baş verməsinin qarşısını almaqdır. Bu o deməkdir ki, qarşınızdakı bütün işləri gələn həftənin əvvəlinə qədər təxirə salmadan həftəsonuna qədər tamamlamağa çalışmalısınız.

Bazar ertəsi günü bitməmiş işiniz olduğunu düşünməyiniz, bazar günü yuxusuzluq və artan narahatlıq səviyyəsi də daxil olmaqla, mənfi təsirlərə səbəb ola bilər. Bu mənfi təsir hətta növbəti həftəyə yayıla bilər və tükənmə ehtimalını artırır. Buna görə həftəyə "təmiz vərəqlə” başlamaq çox vacibdir.

Həmçinin, cümə gününün axşamı kompüterinizi söndürməzdən əvvəl, son beş gündə baş verən pis şeylər üzərində düşünmək və gələn həftə fərqli şəkildə nəyi necə etməyiniz barədə fikirləşmək üçün bir az vaxt ayıra bilərsiniz. Və bazar ertəsinə saxlamaq əvəzinə, mümkün qədər əyri-əskikləri düzəltmək və bütün xırda işləri bitirməyə çalışın.

Əgər uzunmüddətli layihə üzərində işləməyin ortasındasınızsa, o zaman heç olmasa. müəyyən bir mərhələni başa vurmağa çalışın ki, işinizin növbəti fəslinin cümə günü bitdiyini, növbəti hissəsinin isə bazar ertəsi başlayacağını hiss edəsiniz.

2. Xoş gözləntilər

Yəqin ki, bazar günü narahatlığının ən böyük səbəbi gələn həftəni ayırmalı olduğunuz işlərdən, xüsusən də sizin qarşınıza qoyulan nifrət etdiyiniz tapşırıqlardan qorxmağınızdır.

Ancaq iş günlərində gözlədiyiniz yaxşı şeyləri planlaşdırmaq mənfi emosiyaları tarazlaşdırmağa və gələn həftə haqqında daha müsbət hiss etməyə kömək edə bilər. Xoş həftəiçi işlərini planlaşdırmaq üçün yeni bazar günü ənənəsinə başlamağa çalışın. Məsələn, nahar vaxtı dostlarla görüşmək və ya işdən sonra kinoya getmək kimi işləri əvvəlcədən planlaşdırın.

3. Qeydlər aparın

Əgər siz "bazar günü qorxusu”nu hiss edirsinizsə, lakin bunun nədən qaynaqlandığını bilmirsinizsə, ən dərin fikirlərinizi və hisslərinizi yazmaq üçün 20 dəqiqənizi ayırın. Bu sadə məşq narahat düşüncələrinizə nəyin səbəb olduğunu anlamağa kömək edə bilər ki, onlarla daha asan məşğul olasınız.

Əgər əvvəllər ifadəli yazmağa cəhd etməmisinizsə, işə başlamağınıza kömək edəcək bir neçə məsləhət var:

- Problemlərinizi başqasının nöqteyi-nəzərindən təsvir edin (məsələn, valideynləriniz və ya ən yaxın dostunuz bunu necə görə bilər).

- Günün müxtəlif vaxtlarında yazmağa çalışın. Fərqli vaxtlarda fərqli bir konsentrasiya səviyyəsinə sahib ola bilərsiniz və bu, özünüzü hisslərinizə nə qədər asanlıqla qərq edə biləcəyinizi müəyyən edə bilər.

- Özünüz haqqında danışmaqda və ya yazmaqda çətinlik çəkirsinizsə, konkret oxucuya müraciət etdiyinizi təsəvvür edin, məsələ hansısa dostunuza. Bu, hisslərinizi daha yaxşı ifadə etməyə və onların səbəblərini anlamağa kömək edə bilər.

- Yazmağı sevmirsinizsə, audio və ya videodan istifadə edərək fikrinizdə olanları ifadə etməyə çalışın.

Təbii ki, insanların bazar günü gecəsi narahatçılığa səbəb olmasının bir çox səbəbləri var. Və bu amillərdən bəziləri bizim təsir imkanlarımız daxilində olsa da, digərlərini aradan qaldırmaq bir qədər çətindir, məsələn, narahatlığa səbəb sizin işlədiyiniz şəxslərin sizə qarşı ədalətsiz davranmasıdırsa... Ancaq "bazar günü qorxuları”nın səbəbi nə olursa-olsun, unutmayın ki, biz tez-tez narahatlığın səbəblərini zehni olaraq şişirtməyə meylli oluruq və çox vaxt bu qorxular əsassız olur.


Tərcümə: Nizami Bağırov
Qaynarinfo