O, həm aktyor, həm aparıcı kimi fəaliyyət göstərməsinə baxmayaraq, sosial şəbəkədə paylaşdığı videolarla, dediyi şeirlərlə bir anda fenomenə çevrildi. “İnstagram”da 20 mindən çox izləyicisi olan müsahibim Əlibəy Məmmədli ilə Hüseyn Cavid parkında biraraya gəldik.
Onunla söhbətə aktyorluq fəaliyyəti ilə başladıq:
- Əlibəy, özünüzü oxuculara necə təqdim edərdiniz?
- Uşaq olan zaman “Çiçəyim” Uşaq Teatrında işləmişəm, oranın rəhbəri Rəna Allahverdiyevadır. O, ilk müəlliməm olub. İlham Namiq Kamal, Qorxmaz Əlili və Vüqar Əbdülovu özümə müəllim hesab edirəm. Aktyorluğun təhsilini almışam, Mədəniyyət və İncəsənət Universitetini bitirmişəm. 2012-ci ildə aktyorluq fəaliyyətinə başladım. Vüqar Əbdülovun rəhbərlik etdiyi Bakı Estrada Teatrında çalışdım. İlham Miniatür Teatrı ilə qastrollara getdim. Belə-belə yaradıcılığa başladım. ANS-də Fərda Xudaverdiyev, Fariz Əliyevlə “Formula 3” layihəsini, Fərda ilə “Paytaxt salatı” serialını hazırladıq. İndi televiziya fəaliyyətinə ara vermişəm. Mənim şairlik fəaliyyətim də var. Vahid Poeziya Evində keçirilən şeir məclislərində olmuşam. Məclisdə Hacı Rafiq, Şahin Fazil, Ənvər Nəzərli, Mircəlal Zəki ustadlarımız olub.
- “Şər qarışanda” filmində də rol almışınız. Reaksiyalar necə oldu?
- Bizdə dram, triller “yeyilmir”, tamaşaçı komediyaya üstünlük verir. Bu film şok effekti yaratdı. Yavaş-yavaş insanların film, yumor, şeir zövqü düzələcək. Bayağı mahnılar, meyxanalar insanları sözə qarşı məsuliyyətsiz edib, insanlar ağıllı söz eşitmək istəmirlər. Nizamini, Füzulini, Nəsimini, Sabiri unudublar. Mən də videolar vasitəsilə dərin kökə sahib olduğumuzu göstərmək istəyirəm. Üzdə olan yaradıcı insanlar və ya özünü yaradıcı insan kimi göstərənlər bayağı işlərlə camaatın başını qatmamalı, onlara düzgün yol göstərməlidir.
- Bir anda sosial şəbəkədə fenomen oldunuz. Xüsusilə də, “Be kardeşim” videosundan sonra... Video çəkməyə necə başladınız?
- Çoxdandır ki, video çəkirəm, lakin paylaşmırdım. Şeirlərimi insanlara çatdırmaq istəyirdim. Onu da bilirdim ki, çoxları kitab oxumur, internetdə şeir axtarmır. Mən də şeirlərimi video vasitəsilə, aktyorluğumdan istifadə edərək, işə şirinlik qataraq çatdırmaq qərarına gəldim. Birdən-birə bu qədər maraqla qarşılanacağını gözləmirdim.
- Ən çox müzakirə olunan “Be kardeşim” şeiri oldu. Hətta sizi Türkiyə türkcəsində, rusca danışmaqda ittiham etdilər...
- Nazim Hikmətin ”Akrep gibisin, be kardeşim” şeirinə nəzirə yazmışam. Şeirə yumoristik yanaşmışam. Məni qınadılar ki, niyə Türkiyə türkcəsində yazmısan? Bizim gənclər Türkiyə seriallarına baxırlar, onların hər şeyi ilə maraqlanırlar. Mən də ona görə türk dilində dedim, bizim şivə ilə desəydim, bu qədər diqqət çəkməyəcəkdi. Rus sözlərinə gəldikdə isə mən gündəlik işlətdiyimiz sözlərdən istifadə etmişəm. Biz normalda necə danışırıqsa, şeiri də elə demişəm.
- Şeirdə “Xoşqədəm, Zaur, Elgiz gibi başqasının acısından reytinq kapacak kadar acımasızsın, be kardeşim” ifadəsi var. Daha sonra adıçəkilən aparıcılarla münasibətlərinizdə problem yaşanmadı?
- Mən onlara söz atmamışam, düzünü demişəm. Dünyanın hər yerində onların verilişləri kimi proqramlar var, amma qısamüddətli olur. O verilişlərlə tarixə düşmək mümkün deyil. Hansısa insanın dərdi ilə məzələnib, alay edib, pul qazanmaq bir müddət olar. Ancaq bunu uzun müddət davam etdirmək olmaz.
- Özünüz tarixə düşmək üçün nələr edirsiniz?
- İndi tanınmaq asandır, amma hansı istiqamətdə olması da önəmlidir. Bizim istedadlı insanlarımız çox olsa da, bayağı serial və musiqilərlə tanınırlar. Onların məqsədi ancaq tanınmaqdır. Əslində isə məqsəd həm də tanınmaq olmalıdır. Insan müəyyən ideologiyaya malik olmalı, boş-boş efirə çıxmamalıdır.
- Sizcə, tənqidlərinizdən kimlərsə nəticə çıxarır, dərs götürür?
- Mən heç kimdən ağıllı deyiləm, özünü ağıllı sayan insan ən ağılsız adamdır. Istəyirəm ki, yaşıdlarıma, 25-30 yaş civarında olanlara sözümü çatdırım. 40 yaşını keçən adamların qatarı gedib, mən onlara nə isə anlada bilmərəm. İstəyirəm ki, gənclər həyatlarının fərqində olsun, əsl şeirin, sözün nə demək olduğunu bilsinlər, boş-boş televiziyada vaxt keçirməsinlər. Bir saat danışan manısa qulaq asmaqdansa, yarım səhifə kitab oxusunlar.
- Sizə irad bildirənlər çox olduğu üçün hər videodan sonra “Məni düzgün başa düşün” ifadəsini yazırsınız?
- İnsanların 80 faizi məni doğru anlayır. İradlar isə xıra məsələlərdir, ən çox Türkiyə türkcəsində danışmağıma irad bildirirlər. Mənim nə demək istədiyimi tamamilə anlayan azdır. Yayda işlər azdır deyə davamlı videolar çəkəcəyəm. Yeni sezonda ildə iki dəfə tamaşa hazırlayacağam. Stand-up formatında şeirlərlə mono-tamaşa hazırlayacağam. Istəyirəm həm gülək, həm də düşünək. Gənclərin teatr mədəniyyətini yenidən qaytarmaq istəyirəm.
- Stand-upda açıq-saçıq sözlərdən istifadə olunur. Bizdə isə bu, qəbul edilmir. Tənqidlərdən qorxmursuz? Bir də bizdə stand-upı Cem Yılmaza bağlayırlar, onunla müqayisə edirlər...
- Stand-up cılız şeydir. Cem Yılmaz da deyir ki, o, stand-up etmir, tamaşaçı ilə fikrini bölüşür. Bir saatlıq tamaşa xidmətdir, biz həm də düşündürürük. Komediya insanın özündən başlayır, ayıb işi hamı təklikdə edir, kütlə içində isə özünü elə aparır ki, guya bu o yolun yolçusu deyil. İnsan özü-özünü tərbiyə etməli, hərəkətlərindən nəticə çıxarmalıdır.
- Yeni çəkilən filmlərdə rol alan aktyor kimi digər ekran işlərini izləyirsiz?
- Çox filmin qala gecəsinə getmişəm, sonuncu dəfə rol aldığım “Şər qarışanda” filminin qala gecəsinə getdim. Bizdə komediya janrında filmlər çəkilir, əsasən bazara işləyirlər. Deyirlər ki, tamaşaçılar məntiqli yumoru başa düşmür. Mən elə düşünmürəm. Az büdcə ilə keyfiyyətli iş görmək olar. Saatyarımlıq filmdə heç olmasa, 5 dəqiqə insanları düşündürməlidirlər. Rejissor və aktyorlar düşünməlidir ki, tamaşaçını maarifləndirmək lazımdır. Mən 1 ay ərzində sübut etdim ki, yaxşı işə qiymət verirlər. Biri çıxıb ağzına gələn şeiri deyir, ona münasibət normal olmur. Bir dəfə məni “Xeyirə qarşı” verilişinə qonaq çağırmışdılar, orada da dedim ki, Elza Seyidcahan ayda 1 dəfə şeir yazıb insanlara çatdırır, hamı oxuyub gülür. Elza xanım ayda bir dəfə zarafat edə bilir. İnsanlar var ki, ayda serialın 6 bölümünü çəkir, amma heç kim gülmür. Elza xanımı başa düşən yoxdur, mən onu anlayıram. Elza xanım şeir yazmır, insanlarla zarafat edir.
- Elza xanım isə zarafat etdiyini düşünmür. Şeirlərindən ibarət kitab çıxartmaq niyyətindədir...
- Kitab çıxarmağı isə daha böyük zarafatdır, onda daha çox güləcəyəm. Elza xanım istedadlı bəstəkardır, onun mahnılarını dinləyirəm. Amma şeirə gəldikdə isə hamı ona gülür. Elza xanımın işi şeir yazmaq deyil.
- Azərbaycanlı aktyorlar özünə çərçivə qoyur, açıq-saçıq obrazlara çəkilmirlər, homoseksualları canlandırmaqdan imtina edirlər. Siz özünüzə belə qadağa qoymusuz?
- Aktyorluq başqalaşmaq deməkdir. Dünya səviyyəli aktyorlar özünə qadağa qoymur. Azərbaycanda isə hər obrazı oynamaq olmaz. Çünki alacağın qonorar o işə uyğun deyil. Mən gey obrazını oynamaram.
- Qonorarın miqdarından asılı olmayaraq?
- Bir milyon versələr, gey obrazını oynayaram. 5-10 manata o rolu oynamağa dəyməz. Dünyada aktyorluğa o qədər yüksək qiymət verirlər ki, oyunçuya tənqid, irad çatmır. Aktyorluq sənətdir, cəmiyyətdə olan insanların hamısını canlandırmaq lazımdır.