Xəbər lenti

BƏƏ kral ailəsi Aİ-dən 71 milyon avro kənd təsərrüfatı subsidiyası alıb - KİV
Dünya 16:29 07.05.2026

BƏƏ kral ailəsi Aİ-dən 71 milyon avro kənd təsərrüfatı subsidiyası alıb - KİV

BƏƏ-nin kral ailəsi Avropa Birliyinin kənd təsərrüfatı subsidiyalarından milyonlarla avro vəsait əldə edib.

Qaynarinfo xəbər verir ki, bu "The Guardian” və "DeSmog” tərəfindən aparılan beynəlxalq araşdırmada qeyd olunub.

Araşdırmaya görə, Əl-Nəhyan ailəsinin nəzarətində olan şirkətlər və törəmə müəssisələr 2019–2024-cü illər ərzində Avropa Birliyinin Ümumi Kənd Təsərrüfatı Siyasəti (CAP) çərçivəsində 71 milyon avrodan çox subsidiya alıb.

Jurnalistlər minlərlə subsidiya benefisiarı barədə məlumatları təhlil edərək Əl-Nəhyan ailəsi və Əbu-Dabinin suveren sərvət fondu ADQ ilə əlaqəli şirkətlərə ümumilikdə 110 ödəniş müəyyən ediblər.

Araşdırmada qeyd olunur ki, vəsaitin böyük hissəsi 2018-ci ildə BƏƏ-nin nəzarətində olan aqrosənaye qrupu Al Dahra tərəfindən satın alınmış "Agricost” şirkətinə yönəlib. Şirkət Brailov Böyük Adası ərazisində yerləşən və Avropa Birliyinin ən böyük fərdi ferması hesab olunan təxminən 57 min hektarlıq təsərrüfatı idarə edir.
Məlumata görə, təkcə 2024-cü ildə "Agricost şirkəti” 10,5 milyon avro birbaşa subsidiya alıb. Bu göstəricinin adi Avropa fermalarının aldığı orta məbləğdən təxminən 1600 dəfə çox olduğu bildirilir.

Araşdırma həmçinin göstərib ki, Al Dahra qrupu İspaniya ərazisində də 8 min hektardan çox kənd təsərrüfatı torpağına nəzarət edən fermalar əldə edib. Həmin təsərrüfatlar 2015–2024-cü illərdə birlikdə 5 milyon avrodan artıq subsidiya alıblar.

Məlumata əsasən, Rumıniya və İspaniyadakı təsərrüfatlarda əsasən yonca və yem bitkiləri yetişdirilir, məhsulun böyük hissəsi isə Körfəz ölkələrinə ixrac olunur. BƏƏ ərzaq məhsullarının təxminən 90 faizini idxal etdiyindən xarici kənd təsərrüfatı layihələri ölkənin ərzaq təhlükəsizliyi strategiyasının əsas hissəsi hesab edilir.
Araşdırmada vurğulanır ki, Avropa kənd təsərrüfatı subsidiyaları Aİ büdcəsinin təxminən üçdə birini təşkil edir və fermerlərə hər il ümumilikdə 54 milyard avroya yaxın vəsait ödənilir.

Lakin sistem iri torpaq sahiblərinə üstünlük verdiyi üçün uzun müddətdir tənqid olunur. Hazırda Avropa Komissiyası 2028–2034-cü illər üçün CAP mexanizminin islahatlarını müzakirə edir. Təkliflər arasında fermer təsərrüfatlarına verilən birbaşa subsidiyalar üçün illik 100 min avro həddinin tətbiqi də yer alır.

Bir sıra ekoloji təşkilatlar və Avropa Parlamentinin üzvləri Avropa fondlarının dolayı yolla avtoritar rejimlərlə əlaqəli strukturlara çatmasını tənqid ediblər.
Araşdırmada qeyd olunur ki, Əl-Nəhyan ailəsi və əlaqəli şirkətlər jurnalistlərin sorğularına cavab verməyib, ADQ fondu isə məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Günay

--> -->