Mətbuatın yazdığına görə, artıq Belarus da Ukraynaya qarşı müharibəyə qoşulub. Verilən məlumatlarda qeyd edilir ki, Belarus prezidenti Aleksandr Lukaşenko ölkəsinin desant qüvvələrinin Çerniqova yeridilməsinə qərar verib. Bunu "Sever” regional ərazi müdafiə idarəsinin nümayəndəsi Vitali Kirilov deyib.
Qeyd edək ki, Çerniqov şəhərilə Kiyev arasında məsafə 149 km-dir. Hazırda isə işğalçı rus qoşunları Kiyev həndəvərində cəmləşərək paytaxtı intensiv şəkildə atəşə tutur. Amma ruslar burada Ukraynanın ciddi müqavimətilə qarşı-qarşıyadır.
Minskin də Ukraynaya qarşı açıq təcavüzdə yer alıb-almadığı hələlik tam bəlli deyil. Verilən informasiyalar hələ təsdiqini tapmayıb. Minsk özü də məsələyə hər hansı bir reaksiya bildirməyib.
Amma bununla belə, məlumat həqiqətdirsə, deməli, artıq Belarus da Rusiya kimi Ukraynada qardaş qanı tökməkdə iştirak edir. Belə olan halda, sual yaranır: nədən böyük hərbi gücə malik Rusiyanın Belarus hərbisinə də ehtiyacı yaranıb? Bildiyimiz kimi, Rusiya qoşunları artıq neçə gündür Kiyevə yaxınlaşsa da, şəhəri ələ keçirə bilmir. Hətta paytaxt ətrafnda canlı qüvvə və texnika baxımından ciddi itkilərə məruz qalıblar. Belə vəziyyətdə sözsüz ki, rus qoşunlarının əlavə qüvvələrə ehtiyacı var. Burada qeyd edək ki, müharibədən əvvəl Belarus-Ukrayna sərhədində 30 minlik rus əsgəri toplanmışdı. Rusiyanın içərilərindən həmin bölgəyə əlaqə qüvvələrin gətirilməsi isə maliyyə və vaxt itkisi baxımından hazırkı dönəmdə Kremlə sərf etmir. Ona görə də ən optimal variant olaraq prosesə Belarusu da qoşublar. Belarus qüvvələrini cəlb etməklə, ola bilsin, Moskva həm də əsasən Kiyev ətrafında cəmləşən Ukrayna ordusunun parçalanmasına və belədə paytaxta daha asan şəkildə həmləyə nail olmaq istəyir. Bu hərəkətilə Kreml həm də Belarus xalqı ilə Ukrayna xalqı arasında da nifaq toxumu səpməyi də düşünür.
Digər tərəfdən, Minskin prosesə qoşulması məlumatı həqiqət deyilsə, həmin dezinformasiyanın Qərbdən qaynaqlandığını da düşünmək olar. Bildiyimiz kimi, Qərb Moskva kimi Minskə münasibətdə də daha kəskin sanksiyalar tətbiq etmək niyyətindədir. İndiyə kimi, Belarus birbaşa olaraq müharibəyə qatılmasa da, ən azından Rusiya qoşunlarına öz ərazisindən hərəkət etməyə imkan verməklə dolayısı ilə prosesin içindədir. Belə vəziyyətdə ola bilsin, Qərbdə heç də bütün dairələr Moskva kimi Minskə də anoloji sanksiyaların tətbiqinin tərəfdarı deyil. Məhz bu tərəddüdü aradan qaldırmaq üçün Qərbdə haqqında söhbət açdığımız məlumatı ortaya ata bilərlər.
Hər halda, yaxın anlarda Belarusun da prosesdə birbaşa iştirak edib-etmədiyi bütün çılpaqlığı ilə bəlli olacaq.
Rüfət Sultan