Xəbər lenti

Belarus Ukraynaya hücuma hazırlaşır? (ŞƏRH)
Dünya 16:12 03.06.2024

Belarus Ukraynaya hücuma hazırlaşır? (ŞƏRH)

"Minskin Ukraynaya qarşı hər hansı bir addım atacağını düşünmürəm. Bunun üçün real şərait yoxdur”.
 
Bunu Qaynarinfo-ya açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Belarus ordusunun keçirdiyi qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimləri şərh edərkən deyib.

Ekspert bildirib ki, Belarus ordusunun hazırlıqları anlaşılandır:

”Belarus son dərəcədə həssas bir məkanda yerləşir. Artıq Rusiya-Ukrayna müharibəsinin 830-cu günü keçib və müharibə bitmək bilmir. Belarusun guya rus ordusuna dəstək olacağı bildirilirdi. Bunun müqabilində Minskə ciddi təhdidlər oldu. Ona görə də Belarus ordusu zaman-zaman müxtəlif sahələr üzrə hərbi hazırlıqlar keçir. Keçirilən bu sayaq təlimlər Minskin özünü sığortalaması ilə bağlıdır. Belarus ordusu kifayət qədər böyük gücə və nüfuza malik ordu deyil. Onun imkanları çox aşağıdır. Amma bununla yanaşı, Minskinin bu kimi addımları sırf çəkindirici məqsəd daşıyır. Minsk heç bir halda Ukrayna müharibəsinə qatılmayacaq”. 
 

Ekspert qeyd edir ki, Belarus Ukrayna ilə bağlı hər hansı bir addım atmayacaq:

"Atsaydılar, indiyə qədər edərdilər. Onun bunun üçün iqtisadi imkanları da yoxdur. Lukaşenko bilir ki, Rusiyanin dərinliklərini atəşə tutan Ukrayna Minskin ona problem yaradacağı təqdirdə Belarusa da adekvat cavab verəcək. Minskin Ukraynaya qarşı hər hansı bir addım atacağını düşünmürəm. Bunun üçün ən azından real şərait yoxdur. Manevrləri isə özünü sığortalamağa xidmət edir”. 

Qeyd edək ki, Belarus ordusu qeyri-strateji nüvə silahlarından istifadə üzrə təlimlərin tam silsiləsini başa çatdırıb. Bunu Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları komandanının müavini Leonid Davidoviç STV kanalına müsahibəsində deyib. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->