"Bələdiyyə seçkiləri ilə bağlı təbliğatın sönük keçməsinin köklü səbəbləri var. Əsas səbəb odur ki, bələdiyyələr dövlət idarəetməsində, cəmiyyətin idarə olunmasında əhəmiyyətli rol oynamayan qurumlara çevriliblər".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Qulamhüseyn Əlibəyli deyib.
O, bələdiyyələrin böyük səlahiyyəti olmadığını diqqətə çatdırıb:
"Əsas səlahiyyətlər icra hakimiyyətindədir. Bir ara bələdiyyələr torpaq məsələləri ilə məşğul olurdular. İndi artıq torpaqlar da yoxdur. Ona görə də bütövlükdə bələdiyyələrin özünə maraq həddindən artıq azalıb".
Siyasi şərhçi hesab edir ki, bunu aradan qaldırmaq üçün tədricən yerli icra hakimiyyəti orqanlarının səlahiyyətləri bələdiyyələrə verilməlidir:
"Yəni, bələdiyyələr real hakimiyyət orqanlarına çevrilmiş olacaq. İkincisi, seçki praktikası düzgün qurulmadığından bələdiyyə seçkilərinə maraq yoxdur. Bu seçki institutunun tədricən aradan çıxmasına gətirib çıxarda bilər. Seçkilərin nəticələri əhalinin gözlədiyi kimi olmaması, qanun pozuntularının kifayət qədər araşdırılmaması və digər məsələlər bütövlükdə seçkiyə olan inamı öldürür".
Qulamhüseyn Əlibəyli hesab edir ki, bələdiyyələrdə səlahiyyət olmadığından əhali bu seçkilərə qatılmaq istəmir.
Bahar Rüstəmli
Şərhlər