Azərbaycanın xarici ölkə səfirliklərinə qarşı erməni vandalları növbəti vəhşiliyə əl atıblar. Xarici İşlər Nazirliyinin məlumatına görə, ölkəmizin Livandakı səfirliyi qarşısında aksiya keçirən 50-yə yaxın erməni binanın ətrafındakı hasara zərbələr endirib, özləri ilə gətirdikləri içərisində boya olan və partlayıcı bərkidilmiş şüşələri səfirliyin inzibati binasına atıblar. Hücum nəticəsində səfirliyin heyəti xəsarət almayıb. Hadisə barədə diplomatik nümayəndəliklərin mühafizəsinə cavabdeh olan quruma məlumat verilən kimi hüquq-mühafizə orqanları hadisə yerinə gəlsələr də, həmin vaxt təxribatçılar ərazidən uzaqlaşmağa müvəffəq olublar.
Səfirliyə qarşı törədilən bu hücumla əlaqədar cinayətkarların aşkarlanması və həbs edilməsi məqsədilə, Livanın Xarici İşlər Nazirliyinə müvafiq nota təqdim edilib və aidiyyəti üzrə tədbirlər həyata keçirilir. Hazırda səfirliyin mühafizəsi daha da gücləndirilib və törədilmiş cinayətlə bağlı araşdırma aparılır.
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Qaynarinfo-ya açıqlamasında ermənilərin növbəti vandal hərəkətini pisləyərək, Beyrutdakı Azərbayacn səfirliyinin bağlanmasını təklif edib:
"Ermənilər daima belə çirkin üsullara əl atırlar. Livandakı səfirliyimizə edilən bu hücum vandalıq və terror aktıdır. Ancaq təəssüf ki, bir çox ölkələrdə həmin terrorçulara qarşı lazımi tədbirlər görülmür. Belə əməllərə yol verənlərə də ikili standartlardan yanaşırlar. Terrorçuları da özlərinin və özlərinə aid olmayan qruplara bölürlər”.
Politoloq bildirib ki, Livan hökuməti bu məsələdə konkret addımlar atmalıdır:
"Təhlükəsizlik təmin olunmasa, hesab edirəm ki, Beyrutdakı Azərbaycan səfirliyi bağlanmalı və əməkdaşlar təxliyə edilməlidir”.
Rüfət Sultan