Ukrayna prezidenti Volodimir Zelenski bildirib ki, bəzi Qərb müttəfiqləri Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini yubadır, bunu isə Ukraynanın gəncləri – xüsusilə 18 yaşlıları – hərbi səfərbərliyə cəlb etməməsi ilə əsaslandırırlar.
Qaynarinfo xəbər verir ki, bu barədə Macarıstanın "Válasz Online” nəşrinə verdiyi müsahibədə
danışıb.
"Qərb tərəfdaşları sanksiyaların tətbiq olunmaması ilə bağlı səbəbləri sadalayır və əsas arqumentlərindən biri də Ukraynanın 18 yaşlıları səfərbər etməməsidir”, – deyə Zelenski vurğulayıb.
Zelenski isə hesab edir ki, bəzi xarici liderlərin düşündüyü kimi, 18 yaşlı kişilərin kütləvi şəkildə cəbhəyə göndərilməsi doğru yanaşma deyil. Onun fikrincə, yaxınlarda həyata keçirilən "Hörümçək toru” (Паутина) adlı xüsusi əməliyyat bir daha sübut etdi ki, əsas amil insan sayı yox, silah, texnologiya və maliyyədir.
"Eyni zamanda söhbət puldan və təzyiqdən gedir. Sanksiyalar isə məhz rusların müharibəni maliyyələşdirdiyi o pullara yönəlmiş olardı”, – deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, Ukrayna tərəfdaşlarına siyasi siqnal vermək məqsədilə 18-24 yaş arası şəxslərə birillik müqavilə əsasında xidmət imkanı yaradıb: "Biz hazırda bunu təqdim etmişik – qanunvericiliyimizə uyğun olaraq. Amma eyni zamanda minlərlə insan cəbhədə lazımi silah olmadan döyüşür”.
Zelenskinin sözlərinə görə, səfərbərlik hər müharibədə olduğu kimi Ukraynada da çətin məsələdir: "İnsanlar yorulur. Biz ayda 27 min nəfəri səfərbər edə bilirik, ruslar isə 40-50 min nəfəri, çünki onların itkiləri daha çoxdur. Bizdə hərbi vəziyyət səbəbilə səfərbərlik mümkündür. Başqa heç kim Putini necə dayandırmağı bilmir. Bunu yalnız biz bacardıq. Doğrudur, indi çətin dövrdür. Biz 18-24 yaşlıları səfərbər etmədik, onlara bir illik müqavilə təklif etdik”, – deyə o vurğulayıb.
Xatırladaq ki, daha əvvəl "Politico” yazmışdı ki, ABŞ-da Rusiyaya qarşı tətbiq olunması nəzərdə tutulan "cəhənnəm sanksiyaları” haqqında qanun layihəsinin ilkin versiyası yüngülləşdirilə bilər. Bununla belə, sənəd ABŞ-da həm Demokrat, həm də Respublikaçılar arasında geniş dəstək qazanıb ki, bu da Rusiyanın cəzalandırılmasına dair siyasi konsensusun göstəricisidir.
"Gibson Dunn” hüquq firmasının partnyoru Adam Smit bildirib:
"Konqres icra hakimiyyətinə təzyiq göstərərək onun hərəkətə keçməsini istəyir. Senatda Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqinə ehtiyac olduğu barədə fikir formalaşıb”.
Digər tərəfdən, "Bloomberg” yazır ki, ABŞ prezidenti Donald Trampın Putinə qarşı dözümlü münasibəti Rusiyaya qarşı sanksiyaların tətbiqini ləngidir. Tramp bildirib ki, o hələ bu qanun layihəsini nəzərdən keçirməyib və "lazım olan anda” qərar verəcək.
"Bloomberg”in mənbələrinə görə, Trampın sərt addımlardan çəkinməsinin səbəbi diplomatik təşəbbüslərin uğursuzluğu və sərt sanksiyaların Rusiya lideri Putini eskalasiyaya sövq edə biləcəyi qorxusudur.
Alpər
Şərhlər